Sol tərəfimiz

giggs
Paylaş:

Futbolsuz keçirdiyimiz günlərdə eləmədim tənbəllik, dedim bu yaxınlarda komandamızdan ayrılan əsl əfsanə Rayan Giqqs haqqında həm onu yaxşı tanımayanlar, həm də xatırlamaq istəyənlər üçün bir az söhbət açım. Del Pyero deyir ki, həyatımda yalnız 2 futbolçunu izləyərkən göz yaşlarımı saxlaya bilməmişəm, biri Maradona, digəri o sol cinahdakı sehrbaz…

Corc Best “Mançester Yunayted”də son mövsümünü keçirən vaxt Uelsin paytaxtında gələcəkdə heç də Bestdən geri qalmayacaq bir futbolçu doğulmuşdu. Sanki futbol Tanrısı bir günəşin qürub çağında digər bir günəşi bəxş edirdi dünya futboluna. Atası Deni Uilson o vaxtlar Kardiffin reqbi komandasında forma geyinən peşəkar oyunçu imiş. Mançester yaxınlığındakı Suinton qəsəbəsinin komandası ilə razılığa gələndən sonra ailəsi ilə birlikdə şəhərə yaxın olan Salford qəsəbəsinə köçən atanın 6 yaşlı övladı idi bizimki…

Çox balaca yaşlarından futbolla məşğul olan Giqqs həvəskar bir komanda olan “Dians”a qoşulmuşdu. Qəhrəmanımızın ilk matçında komandası 9-0 məğlub olsa da, oyunu izləyənlər meydanın ən yaxşısı kimi Rayanı göstərmişdilər. Komandanın məşqçisi Denis Skofileld onu “Mançester Siti”yə göndərir. Klubun Akademiyasında hünərlər göstərən bu oğlan bölgənin həvəskar komandası olan “Salford Boyz”un da formasını geyinərmiş. 14 yaşında, 1987-ci ildə həmin komanda ilə məktəblərarası çempionatın qalibi olmuşdu və həm də həmin komandanın kapitanı idi. Haqqında olan hekayələrin birində deyilir ki, kuboku altmışıncı illərdə “Liverpul”un kapitanı olmuş Ron Yitsdən təhvil alan balaca Giqqsi izləmək üçün gələnlərin sayı da durmadan artırmış. “Old Trafford” rəsmilərindən olan Arold Vuud bu gənc istedadı ser Aleks Ferqyusona məsləhət görmüşdü və “Yunayted”in texniki heyəti də futbolçunu yaxından izləyirdi.

Təqvim 29 noyabr 1987, 14 yaşını qeyd edən balaca Giqqsin ad gününə sürpriz bir insan qatılır – Aleks Ferqyuson. Həmin gün Ferqyuson onu “Mançester Yunayted”ə aparacağını və 3 il içində çox çalışacağı təqdirdə onunla peşəkar müqavilə imzalayacaqlarına söz verir. Elə də oldu. Dekabr 1990-da klub ilə peşəkar müqavilə imzalayanda artıq uelslinin 17 yaşı var idi.

Onun sol cinahda hünərlərini sərgiləməyə başladığı dövrlərdə “Mançester Yunayted” uzun müddət sonra Federasiya Kubokunda çempion olmuşdu. Ser Aleksin komandada çalışdığı müddətdə qazandığı ilk bu kubok azarkeşləri həyəcanlandırmışdı. O dövrlərdə ada futbolunda daha çox Mersisayd və London “qırmızılar”ı dominantlıq edirdilər.

Əsas komandaya qoşulandan sonra ilk dəstəyi kapitan Brayan Robsondan almışdı. Premyer Liqanın qurulmasından bir mövsüm öncə (1991-92) “Mançester Yunayted” turnir cədvəlini yalnız “Lidz Yunayted”dən geridə bitirmişdi. Premyer Liqanın ilk mövsümündə isə komanda 26 illik fasilədən sonra ilk çempionluğunu qazanır və bu gənc futbolçu sol cinahda mükəmməlliklər yaradırdı. “Kral” Kantonanın da komandaya qatılması ilə “qırmızı şeytanlar” İngiltərə futbolunda qasırğa kimi əsirdi. Maraqlı bir şey deyəcəm, o zamanlar ser Aleks tərəfindən Giqqsin oyundan sonra jurnalistlərə müsahibə verməsi qadağan edilmişdi. İlk dəfə oyun sonrası açıqlamasını 20 yaşına girəndə – 1993-94 mövsümündə BBC kanalının “Match Of The Day” proqramında Des Linamın suallarına cavab verməklə etmişdi.

Həmin mövsüm sol cinahın ağası ikinci çempionluğunu yaşayır, ikinci dəfə “İlin Futbolçusu” mükafatını qazanırdı. Qarşıdakı mövsümlərdə o mükafatı yalnız 2 futbolçu ardıcıl iki mövsüm qazanmağa nail olacaqdı – “Liverpul”dan Robbi Fouler və hazırda “Yunayted”də əfsanələşmə dönəmini yaşayan Ueyn Runi.

O illərdə rəqib qapılarına vurduğu unudulmaz qollar “Mövsümün qolu” mükafatına namizəd olur. Futbol proqramlarını bəzəyən qollarını sadalamalı olsam, 93-də “Kuins Park Reyncers”ə, 94-də “Totenhem”ə, 95-də “Everton”a vurduğu qolları deyərəm. 1999-da FA Kuboku yarımfinal matçında “Arsenal” müdafiə xəttini məhv edib vurduğu qolu isə şah əsəri adlandırardım.

“Fair play” deyiləndə ayrı futbolçu düşünməyə gərək yoxdur, mövzumuzun səbəbkarı buna ən bariz nümunədir. Alicənab, səliqəli, futbolu insan kimi oynamağı bacaran Giqqs 20 ildən çox davam edən peşəkar karyerası boyunca yalnız bir dəfə qırmızı vərəqə ilə cəzalandırılıb, o da ki, milli komandası ilə bir oyunda ikinci dəfə sarı vərəqə almaqla.

Unudulmaz Nou Kamp finalında da böyük əməyi var idi dahimizin. Elə Teddi Şerinqemə verdiyi qol ötürməsi nəyə desəniz, dəyərdi. 2002-də Denis İrvin komandadan ayrılanda yeni simvolun kim olacağını düşünməyə gərək yox idi. Hələ 20-lərdə olmasına baxmayaraq, komandanın lideri olmağı bacarmışdı. Əfsanə, peşəkar futbol karyerası boyunca yalnız bir klubun formasını daşıyan bu adam “Mançester Yunayted”də ümumilikdə 963 matç keçirib, bu rəqəm sizə elə-belə gəlməsin. Bəzi komandalar var ki, heç Premyer Liqada bu qədər oyun keçirməyib…

Ryan-Giggs-Records-for-Man-U

Onun “Yunayted” həyatına başladığı vaxtda bir neçə il öncə bir yerdə oynadığı Fil Cons heç dünyaya gəlməmişdi. Futbolçu karyerasını bitirəndən sonra da kluba sadiq oldu Rayan Giqqs. Moyesin yardımçısı oldu, baş məşqçi oldu, özü özünü meydana çıxardan adamdı o. Van Qalı da yola verdi. Son oyunlarda məşqçilər heyətinin yanından ayrılıb bütün diqqətlərini komandaya yönəltdiyinə fikir verirdim. Canı yanırdı dahinin. Axı onun bir vaxtlar bütün titulları silib-süpürən, tarixin ən gözəl futbolunu oynayan komandalardan biri olan komanda bu qədər aciz duruma necə düşə bilərdi? Joze Mourinyonun gəlişi ilə xeyir-duasını verib yeni macəra axtarışına çıxan bu insana həyatımın ən dəyərli ünsürlərindən olan “Mançester Yunayted”də etdiyi hər şey üçün təşəkkür edirəm. Xoşbəxtəm ki, onun oyununu canlı izləmişəm, xoşbəxtəm ki, həyatını yalnız mənim sevimli komandama həsr edən oyunçular var. Hər şey üçün minnətdaram, cənab Giqqs. Bir zaman “Ser Bobbi Çarlton” tribunasının altında sevimli “şeytanlar”ına baş məşqçilik edəcəyini səbirsizliklə gözləyirəm. Ayrılarmı könül candan?! Bir gün mütləq evinə dönəcəksən!

Del Pyero ilə başladım, Bestlə bitirirəm:

“Kim bilir, bəlkə də gələcəkdə mənim başqa bir Rayan Giqqs olduğumu söyləyənlər olacaq”…

0 comments