“Hall Siti” – “Yunayted”: oyun sonrası mətbuat konfransı

mourinyo
Paylaş:

Dünən axşam “Hall Siti” səfərində Markus Reşfordun əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurduğu yeganə qolla qələbə qazanan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyundan sonra MUTV və BT Sport kanallarına müsahibə verib.

Keçmiş “Yunayted” üslubu ilə – Ferqyuson dönəmindəki kimi (Fergie time) əzmkar və dramatik oyun olduğundan dolayı özünü çox xoşbəxt hiss edən Mourinyonun müsahibəsinin əsas hissələrini təqdim edirik.

Matçın “Fergie time” kimi adlandırılmasına görə çox şaddır

“Klubda ser Aleks Ferqyuson kimi bir əfsanə var və mən onun dönəmindəki kimi bir qələbə qazandığımız üçün çox xoşbəxtəm. Hamıdan daha çox xoşbəxtəm”.

“Mən inanırdım ki, qol gələcək”

“Bilirəm ki, son dəqiqələrdə qol vuranda insanlar bir az şans haqqında danışacaqlar, amma reallıq budur ki, biz qələbəyə layiq idik, xüsusən də, ikinci hissədə. Biz matça hökm edirdik, oyun ritmini və hücumları nəzarətdə saxlayırdıq və inanırdıq ki, qol gələcək”.

“Rəqibi çox bəyəndim”

“Deməliyəm ki, “Hall Siti” mükəmməl iş çıxartdı və hər şeyləri ilə müdafiə olundular. Onlar əks-hücum edə bilmirdilər, çünki məncə, biz müdafiədə çox yaxşı oynayırdıq və hər dəfə topu itirəndə çox möhkəm davranırdıq. Amma mən düşünürəm ki, onlar fantastik idilər, onları təbrik edirəm və əgər onların rəhbəri (klub prezidenti) mən olsaydım, işə (baş məşqçilik) təcili Mayk Felanı təyin edərdim. Hər kəsin gözü önündə oyunçular onun üçün və azarkeşlər üçün hər şey etdilər. Bundan artığını edə bilməzdilər və mən Mayk Felanı, eləcə də, “Hall Siti” uşaqlarını təbrik edirəm”.

Reşfordun xüsusi qatqısı

“Böyük bir təbəssüm və böyük bir sarılmaq kifayətdir! Markus həm komanda oyununda, həm də lazım olan qolun vurulmasında son dərəcə yaxşı iş çıxartdı. Komuniti Şild oyunuda hesab 1-1 olarkən, bu gün isə 0-0 olarkən meydana çıxdı və xüsusi bir əlavə oldu. Hər kəs İbra və onun haqqında danışır – onlar bugünkü kimi birlikdə oynaya bilərlər. Məncə, biz Reşford və İbra ilə birlikdə oynayanda rəqiblər üçün çox böyük problemlər yarada bilərik. Bəzən Zlatan geri çəkilirdi, çünki o, topla oynamağı xoşlayır və Markus isə sürətli olduğu üçün daha irəlidə oynayırdı. Biz hər şeyi yoxladıq”.

Fellayni oyunda qalmalı idi

“Mən Fellaynini son dəyişiklik kimi nəzərdə tutmuşdum, amma bir az standard vəziyyətlərdən çəkindim. Oyuna nəzarət edəsən, dominant olasan və sonda bir standard vəziyyətdən qol buraxasan, biz məğlub ola bilərdik. Bizim müdafiə işimizdə Maruan xüsusi biridir və düşünürəm ki, hamı yaxşı oynadı və hər şey elədi”. (Həmçinin bax: Fellayni zədə alıb)

Azarkeşlərin sevinci

“Atmosfer möhtəşəm idi. Əgər qazanmağı daha çox istəsən, o zaman qazanırsan. Rahat olanda və düşünəndə ki, 1 xal da pis deyil və görək nə baş verir, onda qazana bilməzsən. Amma oğlanlar son dəqiqəyə qədər inandılar. “Hall Siti” üçün üzgünəm, amma mənim uşaqlarım layiq idilər və xüsusilə də, ikinci hissədə azarkeşlərin bizə olan dəstəyindən bilirdik ki, hər şey eləməliyik”.

Mental (fikir) olaraq fərq

“Oyun başlamazdan əvvəl biz oyun haqqında düşünürdük. Biz onların müdafiə olunacağını bilirdik. Tom Hadlstonun üçüncü xətdə oynayacağını və onların çox yaxşı təşkil olunacaqlarını bilirdik. Taktiki olaraq, bu şeyləri dəyişə bilərsən, oyuna əlavə vəziyyətlər gətirə bilərsən, rəqibə problemlər yaratmağa çalışarsan, amma mental olaraq fərq yarada bilməli idik. Bu haqda həmişə danışırıq”.

“Hədəfimiz çempion olmaqdır”

“Bizim hədəfimiz birdir – çempion olmaq. Əgər mövsüm sonunda biz ikinci, üçüncü və ya dördüncü olsaq, deməli, kimlərsə bizdən daha yaxşı idilər, amma beşinci, altıncı bitirsək, demək ki, kifayət qədər yaxşı deyilmişik. Sən bütün matçları qazanmaq üçün oynamalısan. Qazanmırıqsa, qazanmırıq, amma mental olaraq fərqliyik və oğlanlar hər şey edirlər. Bu möhtəşəmdir, öz heyətimə baxıram, skamyada olanların necə istəkli olduqlarını görürəm və qol olanda necə ayağa qalxıb onu qeyd etmələrini görürəm. Bu isə mənə bu oğlanlarla çalışmağa əsas verir”.


Mənbə: manutd.com

0 comments