Van Persinin qolu Premyer Liqa tarixinin ən yaxşısı seçilib

robin
Paylaş:

“Mançester Yunayted”in keçmiş hücumçusu Robin van Persinin “Aston Villa” ilə oyunda vurduğu baxımlı qol Premyer Liqa tarixinin ən yaxşı qolu seçilib.

Hollandiyalı futbolçunun “Yunayted”də çıxış edərkən 2013-cü ildə “Aston Villa”ya vurduğu qol “Futbolun Əfsanələri (Legends of Football)” dərnəyi tərəfindən 1992-ci ildə əsası qoyulan Premyer Liqada vurulan ən yaxşı qol seçilib.

Dərnəyin Premyer Liqanın 25-ci ili şərəfinə təşkil etdiyi gecəyə qatılan 100-dən çox qol vuran 9 futbolçu (Rayan Giqqs, Dion Dublin, Cimmi Floyd Hasselbeynk, Mett Le Tisyer, Maykl Ouen, Les Ferdinand, Emili Heski və van Persi) arasında bu nominasiyada fərqlənən Robin van Persi deyib:

“Bu səsvermədəki bütün qollar möhtəşəm idi. Seçim, həqiqətən, çətin olardı. Mənim üçün böyük bir şərəfdir. Bu qolu vurduqdan sonra mənim ilk, “Mançester Yunayted”in isə 20-ci çempionluğunu qazandıq. Karyeramın ən gözəl anı deyə bilərəm. Bu cür qol anlarında, doğrudan da, nə edəcəyinizi düşünmürsünüz. O qədər vaxtınız yoxdur yəni. Sadəcə o an topa vurmağı düşündüm və sonrasını izlədim. Təbii ki, belə vəziyyətlərdə şans da lazımdır”.

Xatırladaq ki, van Persi Premyer Liqada çıxış etdiyi 11 ildə (Arsenal, Yunayted) ümumilikdə 144 qol vurmağı bacarıb.

“Nordoff Robins” adlı xeyriyyə təşkilatı üçün vəsait toplanan gecədə Robin van Persi təşkilatın fonduna 20 min funt-sterlinq bağışlayıb.

0 comments