“Çelsi” – “Yunayted”: oyun sonrası mətbuat konfransı

mourinyo
Paylaş:

Premyer Liqanın 9-cu turunda keçirilən “Çelsi” – “Mançester Yunayted” (4-0) matçı sonrası Joze Mourinyo jurnalistlərin suallarını cavablandırıb. Müsahibənin əsas hissələrini təqdim edirik.

Performans haqqında

“Əgər müdafiədə etdiyimiz səhvləri nəzərə almasaq, deyə bilərəm ki, yaxşı bir performans sərgilədik. Klass performans, yaxşı topa sahib olma, topla çox yaxşı oynama, qol şansları yaratma, rəqibi müdafiəsinə sıxma və s. Deyə bilərəm ki, çox-çox insafsız bir nəticə oldu. Amma biz müdafiə səhvlərini oyundan silə bilmərik və ilk səhv matçın 30-cu saniyəsində gəldi. Sonra biz tamamilə fərqli bir oyun oynadıq, amma “Çelsi”nin yüksək keyfiyyətli əks-hücum futbolu bizi yenidən cəzalandırdı, xüsusən də, ikinci hissədə. Hesabı 3-1 etməyə yaxın olduğumuz anda onlar daha bir əks-hücumdan qol vurdular. Birinci dəqiqədən hər şey yanlış getdi. Sonra isə oyunda hər şey bizə qarşı idi”.

Birinci hissədən sonra hələ də oyunu düşünürdünüz?

“İlk hissədən sonra mən oyunçularımla çox mülayimcə danışdım. Onlara dedim ki, biz cəhd eləməliyik, çünki sonda istənilən nəticə ilə məğlub olmaq xal itkisi baxımından eyni şeydir. Bu, oyundakı təəssürat baxımından belə deyildi, amma onsuz da istənilən hesablı məğlubiyyət 3 xalın itirilməsidir. Onlara çox açıqca dedim, dedim ki, cəhd etməlisiniz, amma bu risk idi. “Çelsi” müdafiə olunub, sonra əks-hücum etmək istəyirdi. Əgər biz fərqlənə bilsəydik, onları narahat edə bilərdik, şanslar yaratdıq, amma qol vura bilmədik, onlar isə gəldilər və vurdular, oyunu öldürdülər”.

David Luizə qırmızı vərəqə verilsəydi, nəsə bir fərqlilik olardı?

“Mən sizin nə bildiyinizi bilirəm. Hamının bildiyini bilirəm. Sky müxbiri də bunu soruşdu, bunu hamımız bilirik. Amma 4-0 məğlub olub, üstəlik gəlib burda hakim haqqında danışmaq bəhanəyə bənzəyər. Ümid edirəm, mətbuat həmin vəziyyəti analiz edərək öz qiymətini verəcək, bu haqda danışmaq mənə görə deyil”.

“Yunayted” azarkeşləri 90 dəqiqə dəstək oldular

“Onlar 90 dəqiqə boyu bizi inanılmaz şəkildə dəstəklədilər. Dünyadakı milyonlarla azarkeşimiz də bu nəticəyə görə çox üzgündür, yəqin ki. Buna görə çox üzgünəm. Mən bu paltardəyişmə otağının lideri kimi buna görə üzr istəməliyəm. Bir şey deyə bilərəm ki, mən 100 faiz “Mançester Yunayted”əm, 99 faiz yox və ya 1 faiz “Çelsi” yox, ya da digər bir klub. Mən 100 faiz “Mançester Yunayted” üçünəm. Buna görə də mövcud vəziyyəti dərindən anlayıram. Amma yalnız bir cavab var, hər zaman oyunçularıma dediyim kimi – sabahdan yenidən məşqlər etmək və döyüşü davam etdirmək”.

Liqa Kubokunda “Man Siti” ilə oyun var növbədə

“Mən Premyer Liqada oynamağı üstün tutardım. Premyer Liqada pis bir təəssürat bağışlayırıq. İlk pillədən 6 xal uzaqdayıq, Bizim çox çətin oyun qrafikimiz var. Bu həftə xallar itirdik, hətta fenomenal oynasaq da, “Stok Siti” ilə oyunda xal itirdik. İndi oyun qazanmağa ehtiyacımız var. Demirəm qarşıdakı rəqiblər asandı, amma “Börnli”, “Suonsi”, “Vest Hem”, “Sanderlend”, “Midlsbro” kimi rəqibləri məğlub etməliyik və ilk 4-lük, ilk 5-liyə daxil olmalıyıq, həmçinin yüksək pillələrdə olanların da bir-birilərinə qarşı oyunları var. Onlar da xallar itirəcəklər. Biz həqiqətən çox məyusuq, amma bu, uşaqlar üçün deyil, bu, kişilər üçündür və sabah biz özümüzü toparlamalı və digər matçlara hazırlaşmalıyıq”.


Mənbə: manutd.com

0 comments