Xuan Mata: “Belə bir qələbəyə ehtiyacımız var idi”

mata
Paylaş:

Xuan Mata mövsüm ərzində hər həftənin bazar ertəsi günü öz şəxsi bloqunda həftəboyu meydanda və meydandan kənarda baş verənlər haqda yazır. Bu dəfə ispaniyalı futbolçu “Suonsi” üzərində qazanılan qələbə (3-1), formaların üzərində xüsusi lalə simvolu haqqında danışıb, həmçinin, keçmiş komanda yoldaşına bir mesaj göndərib.

Bloqu təqdim edirik.

Hamıya salam! Komandanın belə bir qələbəyə ehtiyacı var idi. Belə də oldu. Biz həftəiçi yaşadığımız məğlubiyyəti bu oyunla kompensasiya etməli idik və bunu da ilk dəqiqədən sərgilədik. Biz turnir cədvəlinin yüksək yerlərinə daha da yaxınlaşmalıyıq və mən əminəm ki, bu cür inamla və intensivliklə oyunumuza davam etsək, hədəfimizə çatacağıq. Hesab önəmlidir, həmçinin mənə üçün bizim onu necə qazandığımız da önəmlidir. 

Birinci hissəni çox yaxşı keçirdik, topla oynayaraq oyuna nəzarət etmə, şansları yaxşıca dəyərləndirmə. Sonda qazandıq və bu, milli komandalar üçün ayrılmış fasiləyə yaxşı əhvalda yollanmaq üçün əladır. Sözün düzü, “Suonsi” ikinci hissədə daha yaxşı çıxış etdi və bizi narahat etməyə çalışdı, amma qol buraxmağımıza rəğmən, mən komandamızın 3 xalı qazanmaq üçün yaxşı bir xarakter sərgilədiyini düşünürəm. Premyer Liqada növbəti oyunumuz olan “Arsenal”la qarşılaşmaya qədər bu qələbə bizim üçün yaxşı bir stimul oldu. Uels səfərində həm də İspaniya millisində oynayarkən bir sıra gözəl anları paylaşdığım Fernando Lyorente ilə görüşdüyüm üçün də şadam, həmçinin Bojan Baston və onun ailəsi ilə də görüşdüm, onun atası ilə mənim atam illər öncə birlikdə futbol oynayıblar.

Hər noyabr ayında olduğu kimi, bilirsiniz ki, biz köynəklərimizdə lalə simvolunu da daşıyırıq. Hər kəs bunun nə məna daşıdığı haqqında bilə bilməz, təbii ki. Mən demək istəyirəm ki, lalə müharibədə həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bir simvoldur. İngiltərədə belə ənənələrə böyük hörmətlə yanaşırlar və illər keçdikcə mən stadionlarda bu cür anım günlərində möhtəşəm atmosferin şahidi oluram. Bu anım günü Birinci Dünya müharibəsinin yekunlaşması vaxtını bildirir, 11-ci ayın 11-ci günü, gündüz saat 11:00.

Mən həm də Robin van Persiyə ən xoş arzularımı göndərmək istəyirəm. Bir matçda gözündən aldığı zədə səbəbi ilə ona tez sağalmasını və zədəsinin ciddi olmamasını diləyirəm.

Gözəl bir həftə arzu edirəm və Suonsiyə bizi dəstəkləmək üçün gələn azarkeşlərə də xüsusi təşəkkürlərimi bildirirəm. Çox şadıq ki, Mançesterə yaxşı bir ovqatla qayıdırsınız. Görüşənədək!


Mənbə: manutd.com

0 comments