Mörfi qanunu

Paylaş:

Məlum faciənin 59-cu ildönümüdür. Hər il gördüyümüz və oxuduğumuz şablon faktları bir kənara qoyub, sevimli komandamın bu günə qədər gəlib çıxmasının əsas səbəbkarlarından biri olan Cimmi Mörfi haqda yazmaq istədim və əminəm ki, özünə “Mançester Yunayted” azarkeşi deyənlərin çoxu onun necə bir xilaskar olduğundan xəbərsizdir.

Cimmi Mörfi uelsli bir futbol adamıdır. Mett Basbi və planetin ən yaxşı komandalarından birinə ilham mənbəyi olan bu şəxsi çoxları tanımaya, adını dahilər siyahısında görməyə bilər. Lakin futbol tarixində ən böyük şəxslərdən biridir cənab Mörfi. Dünya futbolunun ən böyük məşqçilərindən ola bilərdi, amma istəmədi…

Mörfi və Basbi 1933-cü ildən, Uels – Şotlandiya matçından tanış idilər. Dünya müharibəsində onlar yenidən bir araya gəlmiş və dost olmuşdular. Müharibə bitdikdən sonra Mett “Mançester Yunayted”in baş məşqçisi təyin olunur. Basbinin ilk işi də Cimmi Mörfini “Yunayted”ə cəlb etmək olur. Onlar kluba gələndə “Old Trafford” nasistlər tərəfindən bombalanmış və istifadəyə yararsız idi. Oyunlar başqa bir arenada keçirilməli idi. “Yunayted” stadion bərpa olunana qədər öz oyunlarını “Mançester Siti” ilə birlikdə “Meyn Roud”da keçirirdi. Bu çətinliklərdən birlikdə üzüağ çıxmağı bacaran bu iki insan sonralar tarixə ən sevilən komandalardan birini bəxş edəcəkdilər. Mörfi gənc istedadları kəşf etməkdə mahir idi. Dankan Edvards və Bobbi Çarltonu elə mövzumuzun qəhrəmanı üzə çıxarıb. Basbi – Mörfi tandemini sonralar Klaff – Teylor tandemi xatırladacaqdı. Amma Klaff və Basbi canlı ildırım kimi gözlər önündə yer alırdısa, Mörfi və Teylor kameralara, işıqlara yaxalanmaqdan həmişə uzaq idilər. Arxa planda olardılar həmişə. Klaffın dediyi kimi, “Mən vitrin şüşəsiyəm, Teylor isə içəridəki əşyalar”. jimmy murphy ile ilgili görsel sonucu

Basbi ilə birlikdə İngiltərədə gözoxşayan bir heyət yaratmaqla yanaşı, Uels millisini də çalışdırırdı bizimki. 1956-cı ildən milli komandanı çalışdıran Cimmi, Uels futbol tarixinin ən böyük məşqçisi olacaqdı. Onun Dünya Çempionatı final mərhələsinə çıxması digərlərindən daha qeyri-adi idi. Çarli (Con və Mel), Olçar qardaşlarından (Ayvor və Len), Klif Consdan qurulan Mörfinin komandası təsnifat mərhələsini Çexoslovakiyanın ardından qrupda 2-ci olaraq bitirir. Asiya/Afrika təsnifatında isə Misir, İndoneziya, Sudan və İsrailin yer aldığı qrupda heç bir komanda axırıncılar ilə oynamaq istəmirdi (Siyasi səbəblər: Süveyş böhranı) və buna görə də İsrail matç keçirmədən final mərhələsinə vəsiqə qazanmış olacaqdı. FİFA isə İsrailin matç keçirmədən final mərhələsinə getməyini qəbul etmirdi. Buna görə belə qərara alınır ki, qrup ikinciləri arasında püşk atılsın. Püşkdə İsrailə Belçika çıxsa da, onlar da yəhudilərlə oyundan imtina edirlər. Mörfinin komandası isə buna razı olur və İsraili ev və səfərdə 2-0 hesabı məğlub edib yoluna davam edir.

Qrup mərhələsini ev sahibi İsveçin ardından ikinci bitirən komanda 1/4 final mərhələsində Braziliya ilə qarşılaşırdı. Ağır keçən matçın taleyini sonraların “Tanrı”sı adlandırılacaq, ilk dəfə milli komandasında qol vuran 17 yaşlı Pele həll etmişdi.

1958-ci il 5 fevral tarixində Mörfinin komandası İsraillə cavab matçına çıxırdı. Bu zaman da “Yunayted” Avropa Çempionlar Kubokunda Belqrad səfərində idi. “Old Trafford”da 2-1 hesabı ilə məğlub edilən “Qızıl Ulduz” bu dəfə “qırmızı şeytanlar”ı öz stadionunda qəbul edəcəkdi. Oyunlar üst-üstə düşdüyü üçün yardımçı məşqçi Mörfi milli komandanın düşərgəsində qalmalı olur və Basbi ilə Yuqoslaviyaya yollanan heyətdə Mörfini yaxın dostu Bert Uolli əvəz edirdi. Belqrada yola düşməmişdən əvvəl Basbi Mörfiyə “Ölkən üçün edəcəyin bir iş var” demişdi.
İsrail zəfərindən sonra qələbə sərxoşu Mörfi Mançesterə əla əhvali-ruhiyyədə qayıdır. Milli komandada tapşırıq yerinə yetirilmişdi və indi növbə “Yunayted”də idi. Fəqət Cimmi bu işin futbol tarixində ən ağır, ən duyğusal iş olacağını ağlının ucundan belə keçirməmişdi.
Fevralın 6-da Mançesterə dönən Mörfi hələ heç nədən xəbərdar deyildi. Ofisdə rahatlanır və komandadan xoş xəbərlər gözləyirdi. Bu anda içəriyə katibə Elma Corc daxil olur və ona qəza ilə əlaqədar bir şeylər deyir. Mörfi heç nə anlamır. Öz dilindən eşidək: “Təzəcə otaqda rahatlanırdım ki, birdən qapı açıldı və Elma təlatümlər içində mənə qəzadan danışdı. Heç bir reaksiya vermirdim, 3 dəfə qışqırdı. “Qəza olub, nə qədər insan ölüb!” deyərək ağladı. Anlamamışdım… Digər bir otağa keçib sadəcə hönkür-hönkür ağladım”.jimmy murphy telephone ile ilgili görsel sonucu

Mörfi pərişan və çaşqınlıq içində Münhenə yola düşür. Münhen xəstəxanasında ilk Basbiyə baş çəkən Cimmi patrondan belə bir göstəriş alır: “Sadəcə bayrağımızı yüksəkdə tut…”

Belə də olur. O, özündə güc taparaq komandanı yenidən qurmağa başlayır. Bu fövqəladə bir əzmkarlıq idi. Komandanın, azarkeşlərin tək ümidi Mörfi idi. Əminliklə deyə bilərəm ki, indiki “Mançester Yunayted”in var olmasının əsas səbəbkarlarından biri də bu adamdır. Rəhbərlik təşkil olunan iclasda klubun müvəqqəti olaraq fəaliyyətinin dayandırılmasını irəli sürür. Amma Cimmi israrla klubun saxlanılacağını deyir və komandanı yenidən quracağına söz verir. Həmin təsirli səhnəni sözügedən hadisəni özündə əks etdirən “United” filmində izləməyinizi məsləhət görürəm.

O, nə qədər güclü xarakter sahibi olsa da, özünü saxlaya bilmədiyi anlar da olub. Bobbi Çarlton öz bioqrafiyasında yazır: “Onu xəstəxananın arxa koridorunda gördüm. Öz balaları kimi sevdiyi, istedadlı gənc oyunçuları üçün bütün qəlbini boşaldaraq hıçqıra-hıçqıra ağlayırdı”.

Mörfini ən çox sarsıdan şeylərdən biri də özünün əvəzinə Basbiyə köməkçi kimi gedən yaxın dostu Bert Uollinin ölümü idi. O, eyni saatda olanlar xaric, bütün dəfnlərdə də yaxından iştirak etmişdi.

Hadisədən 13 gün sonra fövqəladə bir iş görmüşdü Mörfi. Dolub-daşan “Old Trafford” qəmli atmosferi ilə “Şeffild Uednesdey”i qəbul edirdi. Cənab Mörfi çox gənc oyunçulardan qurulan, oyun təcrübəsi kasad olan bir heyət çıxarır meydana. Bu heyət isə sanki həyatını itirən dostları üçün oynayırdı. Matçı 3-0 hesabı ilə qazanmışdı Mörfinin “Yunayted”i…

Liqanı ortalarda bitirən yaralı komanda kubok finalında da oynamağı bacarmışdı. Amma “Bolton”a 2-0 məğlub olmaq idi sonu. Komanda ÇK-da yoluna davam etmək istəyirdi. Gənclər evdə hətta “Milan”ı 2-1 məğlub etməyi də bacarmışdılar. Lakin cavab matçında daha böyük hesabla qalib gələn “rossonerlər” finala adlayan tərəf idi.

Bir müddət sonra Mett Basbi komandaya geri dönür və Mörfi ilə yenidən, sıfırdan bir heyət yaratmağa başlayır. Tandemin qurduğu komanda 1968-ci il Çempionlar Kuboku yarımfinalında “Real Madrid”i keçərək finalda dönəmin fırtınası – Eysebiolu “Benfika”nı 4-1 hesabı ilə məğlub edir, bu kuboku qazanan ilk ingilis komandası olmağı bacarır. Həmin oyunda 10 il əvvəlki qəzadan sağ çıxa bilən Bill Foulks və Bobbi Çarlton da meydanda idi.İlgili resim

Mörfi 1971-ci ilə qədər Basbinin asistenti olaraq çalışdı, amma klubdan ayrılmağı heç cür qəbul etmək istəmirdi və həmişə komandanın oyunçuları ilə məşqlərdə iştirak edirdi.

Bir çoxları sırf Basbiyə görə Mörfinin arxa planda qaldığını düşünür, amma arxa plan şəxsən onun öz seçimi idi. Mörfi fərqli bir məşqçilik karyerasına sahib olmaq istəsəydi, əminəm ki, hazırda onun haqqında bu qədər az bilgiyə sahib olmazdıq, tarixin ən böyüklərindən olmamaq onun öz seçimi idi. “Arsenal” və “Yuventus” Mörfini tərəddüdsüz məşqçilik postuna gətirməkdə israrlı idi. “Yuve” o vaxtlar tarixinin ən güclü dövrlərindən birini keçirirdi, 1958-61-ci illər arasında 3 “Skudetto” qazanmışdılar. “Tilsimli Üçlük” də bu komandada idi. Sivori, Boniperti, bir də Mörfini yaxından tanıyan və münasibəti yaxşı olan uelsli əfsanə – Con Çarli.
Bu münasibətdən istifadə etmək istəyən turinlilər nə qədər çalışsalar da, Mörfini fikrindən döndərə bilməmişdilər. Burda sadəcə bir səbəb var idi – Cimmi Mörfinin “Mançester Yunayted”ə olan saf və möhkəm sədaqəti.

Onu hətta Braziliya millisinin də başına gətirmək planları var idi. Onun Nilton Santos, Didi, Zaqolla, Qarrinça və Pele kimi dahilərlə çalışmaq seçimi var idi. Ancaq bu seçimi də sırf “Mançester Yunayted”dən yana idi ki, dünyanın ən böyük millilərindən birini çalışdırmaqdan belə vaz keçmişdi. Uelslilər üçün Uels millisini Dünya Çempionatına çıxaran yeganə baş məşqçi kimi xatırlanan adamı mən “Mançester Yunayted” üçün hər şeyə “yox” deyən bir DAHİ kimi hər zaman yad edəcəyəm…

0 comments