Nevill: “Yeni mövsümdən gözləntilərim daha çoxdur”

Fil Nevill
Paylaş:

Keçmiş “Mançester Yunayted” futbolçusu Fil Nevill bu yay kluba cəlb olunacaq yeni oyunçuların kimlər olacağını səbirsizliklə gözləyir və Joze Mourinyonun yeni mövsüm Premyer Liqada çempionluğa oynayacaq bir heyət quracağına inanır.

Klub saytına verdiyi müsahibədə Mourinyonun ilk mövsümdə 3 kubok qazanmaqla Premyer Liqada da ən güclü olmaq yolunda irəlilədiyini deyib:

“Mən qarşıda nələr baş verəcəyini gözləyirəm. Düşünürəm ki, ötən mövsüm Avropa Liqası zəfəri ilə birlikdə çox yaxşı yekunlaşdı. İndi biz gözləyirik ki, görək Joze kimləri komandaya gətirəcək, çünki Top-6 komandalara baxsanız, görərsiniz ki, hər biri öz heyətlərini gücləndirməkdədir. “Yunayted” güclənməlidir və hansı komandanın daha çox gücləndiyini görmək maraqlı olacaq”.

“İndi hər dəfə qəzetləri əlimə alanda hansısa futbolçunun adının “Yunayted”lə hallandığını görürəm, amma ötən mövsümdəki kimi Jozenin yenə uğurlar qazanacağına əminəm. Ümid edirəm, ölkə titulunu da yenidən kluba qazandırar”.

“Ötən mövsüm “Old Trafford”da qeydə alınan heç-heçələrin 90 faizini qələbə ilə əvəzləsəniz, komandanın çempionluq uğrunda yarışa biləcəyini görərsiniz. Əgər bu il bunu eləsələr, titulun yenidən Mançesterə qayıdacağını düşünürəm. Nikbinəm, “Yunayted” düzgün istiqamətdə gedir və məşqçinin, eləcə də oyunçuların ötən mövsümdəki Liqa Kuboku və Avropa Liqasındakı qələbələrdən sonrakı özünəinam hissi komandanı növbəti mövsüm həm Çempionlar Liqasında, həm də Premyer Liqada uğurlara apara bilər”.

“Çətin bir mövsüm olacaq, hər kəs pul xərcləyir və təkmilləşir. “Yunayted” də təkmilləşməyə doğru gedir, çünki onlar son mövsüm liqanı ilk dördlükdə bitirə bilmədilər. Bunun böyük bir sual olduğunu düşünsək də, Jozenin Premyer Liqanı qazanmaq istəyəcəyini fikirləşirəm. Böyük bir şeydir. Heç nəyə qeyri-ciddi yanaşmayacaq”.


Mənbə: manutd.com

0 comments