Mourinyo “Lester” üzərindəki qələbə haqqında

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo “Mançester Yunayted”in “Lester Siti” üzərində qazanılan qələbəni 2018/2019 mövsümü üçün əla başlanğıc olduğunu bildirib.

Pol Poqba və Lyuk Şounun qolları “Yunayted”ə Premyer Liqanın açılış oyununda “Lester” üzərində 2-1 hesablı qələbə qazanmağa kömək olub. Final fitindən sonra baş məşqçi komandasının oyununu dəyərləndirib.

PREMYER LİQA MÖVSÜMÜNƏ YAXŞI BAŞLANĞIC

“Fikirləşirəm ki, cənab Riçard Skudamor (İPL-in direktoru) razı qalmalıdır, çünki bu Premyer Liqanın yeni mövsümü üçün yaxşı başlanğıc idi. Bu çox yaxşı bir matç idi, hansı ki, mənə görə üç əla komanda çıxış edirdi. Bu oyunda mən altı dəyişiklik etmək istəyirdim, üç əvəzetmə mənim üçün kifayət deyildi. Mən Marsialı Xuan Mata və ya Aleksis Sançesin yerinə buraxmaq istəyirdim, amma bunu etmək mümkün deyildi. Pol Poqba 90 dəqiqə oynaya bilməzdi, Fred də həmçinin. Mənə daha çox əvəzetmə lazım idi, amma bu mümkün deyildi, ona görə də bu oyunu idarə etmək asan deyildi”.

“Amma mən oyunçulara dedim ki, bizim çox yaxşı fürsətlərimiz oldu, oynamaq istədiyimiz futbolun işartıları görsənirdi. “Lester” zaman-zaman güclü görsənirdi, amma biz bunun qarşısını komanda oyunu ilə alırdıq və bu da çox vacib amildir.  Amma ikinci hissədə Andreas Pereyra və Fredin sarı vərəqəsi var idi. Pol möhtəşəm oynadı, amma onun da yanacağı hər dəqiqə azalırdı, ona görə də mənə meydana MakTominey və Fellaynini buraxmaq lazım oldu ki, yarımmüdafiədə balansı saxlayım. Bundan başqa Marsialı son 20 dəqiqədə Aleksisin yerinə buraxmaq istəyirdim ki, biz ikinci qolu vuraq və mənim belə imkanım yox idi. Amma oyunçular bu oyun üçün hər şeylərini ortaya qoydular. Maruan mənə dedi ki, 10 dəqiqədən artıq oynaya bilməz, ona görə də mən ondan xahiş etdim ki, bu 10 dəqiqəni bizə versin. Hər kəs əlindən gələn hər şeyi etdi”.

PREMYER LİQADA HƏR OYUN ÇƏTİNDİR

“Əlbəttə, qələbə qazanmaq və yaxşı oynamaq çox vacibdir. Mən fikirləşirəm ki, zaman-zaman yaxşı oynadıq və biz transferlərə bizdən daha çox pul xərcləyən komandaya qarşı oynadıq. Onlar daha çox xərcləyiblər, ona görə də Premyer Liqada heyəti bizdən pis olmayan komandalara uyğunlaşmaq lazımdır. Adı unudun, tarixi unudun, emblemi unudun, indi hər komandanın güclü heyəti var və hər bir oyun çətindir. Ona görə də ağır keçən hazırlıq mərhələsindən və bəzi oyunçuların hazırlaşmaq üçün cəmi 3 gün vaxtının olmasından sonra qazanılan bu üç xal çox vacibdir. Əlbəttə, bu çox ağır mövsüm olacaq, çünki əvvəlcədən mənim müəyyən planım var idi və mən düşünmürdüm ki, mövsümün əvvəlində transfer pəncərəsi bağlananda belə bir vəziyyətə düşəcəm, hansı ki, indi o vəziyyətdəyəm. Sonuncu dəfədir ki, bu haqda danışıram. Hər şey bitdi, transfer bazarı bağlandı, daha bu haqda heç bir söhbət olmayacaq. Fikirləşirəm ki, futbol dəyişib. İndi bizim çoxfunksiyalı məşqçilərimiz var, biz, baş məşqçilər, isə daha çox sadəcə məşq etdiririk, daha komandanı idarə etmirik. Futbol bu cür olub”.

MOURİNYO ŞOU VƏ PEREYRADAN RAZIDIR

“Mən Lyuk Şouya görə şadam, təkcə ona görə yox ki, qol vurdu, həm də 90 dəqiqə ərzində cəmi bir səhvə yol verdi. Səhv etdiyi epizodda isə yan xətt hakimi bizim xeyrimizə cərimə zərbəsi təyin edə bilərdi. Müdafiədə çox yaxşı idi, topla çox yaxşı idi, üzərində olan təzyiqin də öhdəsindən gəldi. Onun Andreas Pereyra kimi normal hazırlıq mərhələsi olmuşdur və mən sizi Pereyra haqqında bir neçə söz deməmiş buraxmayacam. O, sağ cinah vingeridir, hansı ki, keçən mövsümü “Valensiya”da ehtiyat oyunçular skamyasında keçirtdi və ehtiyatdan meydana daxil olanda sağ cinahda oynayırdı. O, “Old Trafford”a 6 nömrə kimi oynamağa qayıtdı və fenomenal bir matç ortaya qoydu”.

POQBA PENALİSTDİR

“Fikirləşirəm ki, o, penaltiləri yaxşı vurur və məsuliyyəti öz üzərinə götürməyi bacarır, ona görə də bizim üçün o, indi əsas penalistdir. Əlbəttə, meydanda bizim ehtiyat variantlarımız da var, hansı ki, penaltini reallaşdırmağa hazırdılar, əgər o, hər hansısa səbəbə görə bundan imtina etsə. Bu gün buna hazır idi, dünya çempionatında praktikadan keçirmişdi. Kasper Şmeyhel penaltiləri yaxşı qaytara bilir, amma bu gün onun heç bir şansı yox idi. İstiqaməti tapmışdı, amma topu tutmaq mümkün deyildi. Bu fantastik bir zərbə idi”.


Mənbə: manutd.com

 

0 comments