Sulşer: “Ser Aleks bu işdə mənə məsləhət verib”

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunner Sulşer deyir ki, o, klubun yeni müvəqqəti məşqçisi təyin olunarkən Ser Aleks Ferqyusondan məsləhət alıb.

Norveçli əfsanə “Mançester Yunayted” ilə 1996-2007-ci illər aralığında 11 uğurlu mövsüm keçirib. O, Ser Aleksin rəhbərliyi altında 366 oyun keçirib, 126 qol vurub və 12 titul qazanıb. Bu gün keçirilən mətbuat konfransında dahi şotland barədə danışarkən Ole deyib:

“Mənim bu gün əldə etdiklərimin hamısı onun sayəsindədir, bunu etiraf etməliyəm. Onun insanlarla münasibəti, 25 milli oyunçunu xoşbəxt, istəkli və inkişaf həvəsli saxlaması, onlarla yola getməsi. Həmçinin onun bütün idarəçilik və ətrafındakılarla münasibəti. O, mənim məsləhət aldığım insan olub. 2003-cü ildə zədələndikdən bəri mən onun nələr etdiklərini, hansı vəziyyətlərdə nə işlər gördüyünü qeydə alırdım. Təbii ki, artıq onunla görüşmüşəm, çünki o, öyüd-nəsihət almaq üçün əvəzsiz biridir”.

Sulşer həm də qeyd edib ki, məşqçilik prinsiplərinin əsasında oyunçuların qorxmadan və həvəsli oynamalarını təmin etmək dayanır. O, bu haqda danışarkən Ser Aleksin son matçı olan “Vest Bromviç”lə 5-5 hesablı oyunu xatırlayıb:

“Sən əgər “Mançester Yunayted”də oynayırsansa, qorxusuz və cəsur olmalısan. Meydana çıxırsan və özünü göstərirsən. Mən dünyanın ən yaxşı baş məşqçisi ilə çalışmışam. O deyirdi ki, meydana daxil ol və özünü göstər, risklərdən çəkinmə!”.

“Onun baş məşqçi kimi son matçı 5-5 hesabı ilə bitmişdi. Əlbəttə ki, 5 qol buraxmaq istəməzsiniz, lakin həmin oyun həm də möhtəşəm idi ki, Ser Aleks necə bir oyun oynatmışdı. Mən də istəyirəm ki, oyunçular dünyanın ən yaxşı azarkeşlərinin önündə oynamaqdan həzz alsınlar”.

MUTV kanalına verdiyi eksklüziv müsahibədə isə Ole belə demişdi:

“O, ən yaxşı müəllimdir. Mənim məşqçilik biliklərimin əsasında ondan öyrəndiklərim dayanır. O, ən böyük təsiri olan insandır, lakin biz fərqli insanlarıq. Mən ayrı insanam və sadəcə özüm kimi olmaq istəyirəm”.


Mənbə: ManUtd.com

0 comments