“Haddersfild” ilə oyun öncəsi mətbuat konfransı

Ole Qunner Sulşer
Paylaş:

“Mançester Yunayted” sabah Premyer Liqanın 19-cu turu çərçivəsində “Old Trafford”da çempionatın autsayderlərindən olan “Haddersfild Taun”u qəbul edəcək.

“Kardiff” səfərində tam dominant oyunla 5-1 hesablı qələbə qazanan komandamızın yeni baş məşqçisi Ole Qunner Sulşer bildirib ki, o, “Old Trafford”da baş məşqçi kimi keçirəcəyi ilk oyun üçün səbirsizlənir.

“Əlbəttə ki, işini yerinə yetirən zaman bütün emosiyaları gizlətməyə çalışırsan. Mən də tam olaraq oyuna köklənməyə çalışacam. Asan deyil, düşünmürəm ki, asan olacaq, amma səbirsizlənirəm. Məncə, uşaqlar da evimizdəki bu oyun üçün çox həyəcanlı və səbirsizdirlər. Bu, əsas məsələdir. Belə də olmalıdır. Mən gənclərin məşqçisi olarkən də, “Kardiff”i çalışdırarkən də “Old Trafford”da oyun keçirmişəm, amma bu dəfəki üçün daha həyəcanlıyam, xüsusi bir oyun olacaq”.

“Standartları heç vaxt çox yüksək təyin edə bilməzsiniz. Onlar (oyunçular) standartları təyin edirlər. Bu klub üçün oynayan oyunçular yaşayacaqları yüksək standartlara sahibdirlər və “Kardiff” matçında onlar rəqibin özlərindən daha yaxşı performans sərgiləməsinə imkan vermədilər, çünki siz heç vaxt özünüzdən zəif çıxış edə bilməzsiniz. Biz bu oyuna nəzər salmaq, bir neçə epizoda yenidən baxmaq və dəyərləndirmək istəyirik. Biz daha yaxşı ola bilərik, bir-birimizi daha yaxşı anlaya bilərik və buna görə də yaxşı olacaq”.

Azarkeşlər barədə ağız dolusu danışan norveçli əfsanə onları dünyanın ən yaxşısı adlandırıb:

“Onlar dünyanın ən yaxşı azarkeşləridir. Açığı, mənim klubla gözəl xatirələrim var və həmin banner (20Legend) də mənim üçün xüsusidir. Ümid edirəm ki, qarşıdakı 5 ayda kifayət qədər yaxşı işlər görərək onları sevindirərəm və əgər mənim yerimə kimsə gəlsə belə, onlar mənim adımı oxumağa davam edərlər. “Mançester Yunayted” ilə müqavilə imzalayanda bilirsən ki, dünyanın ən yaxşı azarkeşlərinin qarşısında oynayacaqsan. Amma inam elə bir şeydir ki, sən onu soyuducunu açaraq buz dolabından götürmürsən. Sən bunu performansınla, məşqlərinlə, oyunlara nə cür yanaşmağınla qazanırsan və düşünürəm ki, bu qələbə oyunçularım üçün çox pozitiv bir şey oldu. Düzünü desəm, onlar da “Boksinq Dey” oyunları üçün çox səbirsizlənirlər”.

Komandanın performansını hər zaman diqqətdə saxlayan televiziya müxbirləri barədə danışarkən isə Ole deyib:

“Narahat olmayın, Qari (Nevill) məni çox yaxından izləyəcək! Mən 11 il onunla eyni paltardəyişmə otağında yan-yana oturmuşam. Qarini tanıyırsız və o da bu işi görərək pul qazanır, o, bunu etməlidir. Mən kimdənsə, hansısa məşqçidənsə fərqli adam deyiləm, sən əgər bir komandanın meydana çıxmasına rəhbərlik edirsənsə, bütün məsuliyyəti də öz üzərinə götürürsən. Mən onlar üçün oynamıram. Mənim işim oyunçuların özlərindən zövq almasına nail olmaqdır. Mən bütün keçmiş komanda yoldaşlarımdan bu işdə məsləhətlər, xoş arzular və səsli mesajlar almışam. Onlar məni tənqid də edə bilərlər, buna görə narahat olmayın!”.

Sulşer, həmçinin komandasının əsasən hücumameyilli oyun planı ilə irəliləyəcəyini bildirib:

“Əyləci dartmaq barədə oyunçular heç nə deməyiblər. Amma biz “Kardiff”lə oyun öncəsi komanda ilə danışarkən söz verdik ki, əgər 1 qol vuracağıqsa, 2-ci üçün, 2-ci qolu vuracağımız təqdirsə isə 3-cü üçün çalışacağıq. Bu, klubun və komandanın təbiətində var, yalnız hücum et.

“Hər oyun bugünkü kimi epizodlar yaratmaya və qollar vurmaya bilərik. Rəqibə çətinlik yaratmalısan, amma bunu bizim sürətli ön xəttimiz etdi. Düşünmürəm ki, hansısa komanda Linqard, Reşford, Marsial və Poqba kimi oyunçularla yarışmaq istəsin, onda, niyə də dayanaq?

“Mən Ser Alekslə danışmışam və ümid edirəm ki, onunla yenə görüşəcəm, yaxud da o, məni tapacaq və bir fincan çay içəcəyik. O, “Boss”dur və mənə ən yaxşı məsləhət verəcək bir adam varsa da, odur, komanda yoldaşlarım deyil.

“Hücum fəlsəfəsi “Mançester Yunayted”in divarlarındadır. Bu, bir ənənədir və bizim oyun tərzimizdir. Biz belə oynamaq istəyirik və “Kardiff” matçı bu məqsədimizi hər kəsə daha aydın şəkildə göstərdi”.


Mənbə: ManUtd.com

0 comments