“Tottenhem” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bu bazar keçiriləcək “Uembli”də “Tottenhem”ə qarşı Premyer Liqanın növbəti qarşılaşmasından öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

Dubaya gəlmək çox yaxşı oldu

“Bu çox yaxşı bir səfər oldu. Biz burada dörd gün məşq etdik, ona görə də düşünürəm ki, uşaqlar da bundan zövq aldılar. Bir neçə iş üzərində çalışdıq və fikrimcə, onlar çox çalışdılar və bundan həzz aldılar. Yəni belə görünür”.

Poqbanın vəziyyəti haqqında

“Bəli, o, məşqlərin sonlarına yaxın yaxşı görünürdü və  oyun üçün tam hazır formada olacaq. Onun bəzi problemləri var idi, amma hər birini aradan qaldırdı və artıq oyuna hazır olmalıdır”.

Rohonun zədəsi haqqında

“O, zədəsinin bərpası üçün Argentinaya yollanıb. Nə qədər müddətə hazır olar? İndi onun mental olaraq oynamağa hazır olması önəmlidir”.

Biz inkişaf edirik

“Mən düşünürəm ki, hər gün və hər oyun biz daha da yaxşılaşırıq və biz necə oynamalı olduğumuzu get-gedə tam olaraq anlayacağıq. Açığı, son beş oyunumuz elə də pis olmayıb, amma hər zaman görüləcək işlər var – oyunçular arasındakı münasibətlər, qaynayıb-qarışmaq və anlayışlar. Ümid edirəm ki, biz çox müsbət auralı bir komanda görəcəyik”.

Mauriso Poçettino haqqında

“O, çox yaxşı işlər görüb. Sizin də dediyiniz kimi, onun ətrafında “Yunayted”ə gəlməsi haqqında gəzən söz-söhbətlərin səbəbi də özünün çox yaxşı işlər görməsidir. Amma ayrı məşqçilərin işini dəyərləndirmək mənim işim deyil. Mən özümə və öz komandama köklənmişəm”.

Harri Keyn haqqında

“Pis deyil, eləmi? Bəli, o, mükəmməl bir qolçudur – o mövqedə oynayan dünyanın ən yaxşılarından biri. Amma mənim də işləməyə çox yaxşı hücumçularım var. Bir oyunçu kimi o, çox yüksək səviyyəli biridir və onunla işləyənlər onun haqqında daha çox danışa bilər. Amma kənardan baxdıqda o, fantastik bir bitiricidir və qol şanslarını qaçırmır. Buna görə də onun bizə qarşı nəsə eləməsinə imkan verməyək”.

Bu oyun ilk testimiz deyil

“Xeyr, bizim bundan əvvəl də sınaq oyunlarımız olub. “Nyukasl” səfəri elə bir test idi. İlk oyun və hər kəsin “Kardiff” matçına reaksiyası da bir test oldu. İlk ev oyunumuz, azarkeşlər buna necə yanaşdı? Bu da bir test idi. Premyer Liqada hər bir oyun sizin üçün test olur, buna şübhəniz olmasın. Amma əlbəttə ki, bu dəfəki çox yüksək səviyyəli bir komandaya qarşı olacaq və əgər onlara yaxınlaşmaq, onları ötüb keçmək istəyiriksə, bizə yaxşı performans və oyun lazımdır”.

Transfer şayiələri haqqında

“Bəli, mən hərdən xəbərləri oxuyuram və bu klub ətrafında gəzən transfer xəbərləri sadəcə möhtəşəmdir, ya da inanılmaz. Elə oyunçuların adı çəkilir ki, heç mən onunla müqavilə imzaladığımızı bilmirəm, buna görə də bütün bu şeylər barədə danışmaq istəmirəm. Təbii ki, yeni müqavilə barədə danışıqlar aparılan oyunçularımız istisnadır (Mata, Errera, Yanq). Amma bunlar haqqında danışmaq mənim işim deyil”.

“Tottenhem” səfəri haqqında

“Hər zaman oynadığınız rəqibə uyğunlaşırsınız. Hər biriniz liqanın ən yaxşı komandalarını tanıyırsız və təbii ki, biz onların hansı gücə sahib olduqlarına bələd olmalıyıq. Amma mən rəqiblərə hücum etmək lazım olduğunu bilərək böyümüşəm. Düşünürəm ki, bu həm də bizim gücümüzdür, irəli oynamaq və hücum eləmək. “Tottenhem”ə qarşı əvvəllər olduğu qədər hücum etmə şanslarımız olmaya bilər, buna görə də topa sahib olduğumuz zaman əmin olmalıyıq ki, meydanın hər yerində yaxşı oynayırıq, çünki “Uembli” çox yaxşı ölçülü bir stadiondur”.


Mənbə: Mirror

0 comments