“Arsenal” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunner Sulşer
Paylaş:

İngiltərə Kubokunun 4-cü turunda sabah baş tutacaq “Arsenal” – “Mançester Yunayted” matçı öncəsi Ole Qunnar Sulşer mətbuat konfransı keçirib.

ZƏDƏLİLƏR BARƏDƏ

“Hələ də Fellaini, Roho və Smollinq zədəlidirlər. Smollinq məşqlərə başlayıb və ümid edirik ki, gələn həftəyə hazır olacaq. Fellaini ilə Roho isə hələlik zədələrini bərpa prosesindədirlər. Lyuk Şou isə “Brayton”la oyundan bir az əvvəl özünü yaxşı hiss eləmirdi, indi sağalıb və çox yaxşıdır”.

“Aleksis Sançez sağalıb və sabahkı oyun üçün heyətdə yer alacaq. Düşünürəm ki, izdihamın onu izləməsini sevər, bir oyunçu kimi özünü hər kəsə sübut eləmək istəyər. Məşqlərdə fantastikdir, çox yaxşı vəziyyətdədir və ümid edirəm sabah oyundan həzz alacaq”.

EMİLİANO SALANIN İTKİN DÜŞMƏSİ BARƏDƏ

“Faciəvidir, hər səhər oyanıb nəsə yaxşı bir xəbər olar deyə tez xəbərlərə göz atırsan, amma gözlədiyin olmur. Bu hadisə həm oğlanın özü üçün, həm ailəsi, həm də ətrafı üçün çox faciəvidir. Bu, 2019-cu ildə baş verəcəyini gözləmədiyin bir hadisədir. Biz sadəcə ondan şad xəbər almaq üçün ümid edə və onun üçün dua edə bilərik”.

YENİ MÜQAVİLƏLƏR BARƏDƏ

“Düşünürəm ki, klub bir irəliləyiş əldə etməkdədir, lakin bunu səlahiyyətli şəxslərə buraxıram. Yeni müqavilələrə nə qədər yaxın olduğumuzu bilmirəm, amma ümid edirəm qarşıdakı həftələrdə biz yaxşı xəbərlər alacağıq”.

“ARSENAL”IN ERİK BAYİ ÜÇÜN TƏKLİFİ BARƏDƏ

“Bundan təəccüblənmədim, amma hər zamankı kimi yayılan şayiələrdən biridir, çox da böyük bir sürpriz deyil”.

QARŞIDAKI OYUN TƏQVİMİ HAQQINDA

“Bütün oyun təqviminə prioritet kimi baxmıram, sadəcə növbədəki oyun bizim üçün prioritetdir, sonra digər biri. Çox yaxşı bir heyətimiz var və heyətdə 1-2 dəyişiklik olacaq. Bu oyundan sonra “Börnli” ilə oyuna qədər də kifayət qədər vaxtımız olacaq”.

UNAY EMERİ HAQQINDA

“Açığı, Arsen Venger və qoca (Ser Aleks Ferqyuson) mənim vaxtımda ən uzun müddət iş başında olan baş məşqçilərdir. Onlar möhtəşəm olublar, klubda bir institut. Bu, vaxt tələb edəcək, amma Unay bizi “Sevilya” ilə məğlub edib, onlar taktiki anlamda çox güclü olan bir məşqçi gətiriblər. Mən onun hansı komanda ilə oynayacağını bilmirəm, çünki onun çoxlu taktiki seçimləri var. “Arsenal” çox yaxşı bir müqavilə imzalayıb”.

“ARSENAL” RƏQABƏTİ BARƏDƏ

“Möhtəşəm, bu iki klub arasında mənim oynadığım illərdə çox güclü bir rəqabət var idi, onlar “Dubl” etmişdilər, biz “Trebl”, oyunlar da fantastik keçirdi. Deyəsən, Devid Simenin qapısına bir dəfə qol vurmuşdum, amma onların fransızlardan – Anri, Pires, Vieyra, Petit kimi futbolçulardan ibarət heyəti ilə FA Kubokunda çox qarşılaşmışam. Məncə, biz iki yarımfinalda onları məğlub etmişdik, amma bir dəfə evdə 2-0 məğlub olmuşduq. Hər iki komanda arasında gərgin oyunlar olub”.

“99 yarımfinalı çox önəmli oyunlardan biri idi və Şmeyhel Berqkampın penaltisini dəf etmişdi, bizim üçün “Treble” etmək şansı yaranmışdı. Həmin oyunda ən çox diqqəti çəkən Giqqsinin möhtəşəm qolu olmuşdu. Norveçdə böyüyən biri kimi belə oyunları dörd gözlə gözləyirsən, Kevin Moranın meydandan qovulmasından sonra Norman Uaytsaydın etdiyi dönmələr də yadımdadı”.

“MOLDE”YƏ QAYIDACAĞI BARƏDƏ

“Düzü, plan oraya geri dönməkdir, səbəblərdən biri hissə-hissə izlədiyim ÇSKA – “Molde” (2-1) yoldaşlıq matçıdır. Lakin mənim işim burada inkişaf etmək, eyni zamanda oyunçuları inkişaf etdirməkdir, yəni bu, çox da çətin deyil”.

POL SKOULZUN MƏŞQÇİLİYƏ BAŞLAMASI BARƏDƏ ÇIXAN XƏBƏRLƏRƏ MÜNASİBƏTİ

“Bir işdə olmadığınız zaman o iş barədə danışmaq çox asandır! Əgər Skoulz məşqçiliyə başlayarsa, möhtəşəm olacaq. O, nələrsə öyrənmək istəyəcəyin biridir, onunla neçə il birlikdə oynamışam”.


Mənbə: Manchester Evening News

0 comments