Rio Ferdinand: “Sulşer ilə yeni müqavilə imzalanmalıdır”

Rio Ferdinand
Paylaş:

“Ole Qunnar Sulşer əldə etdikləri uğurları ilə Ed Vudvardı məcbur edir ki, onu klubun uzunmüddətli baş məşqçisi etsin”.

Bu sözləri komandamızın əfsanələrindən olan və hazırda BT Sport kanalında analitik kimi çalışan Rio Ferdinand deyib. O hesab edir ki, Ole Qunnar Sulşerin “Mançester Yunayted”in uzunmüddətli baş məşqçisi vəzifəsinə təyin olunmaması üçün heç bir əsas yoxdur. Klubun icraçı direktoru Ed Vudvardın yayda Ole Sulşer ilə müqavilə imzalamalı olduğunu açıqlayarkən Rio deyib:

“Ed hazırda heç nə edə bilməz. Çünki Ole onun düşüncələrini tamamilə dəyişdirib. Ed Vudvard onu sadəcə mövsüm sonuna qədər komandanı idarə eləmək üçün vəzifəyə gətirmişdi. Amma norveçli gözlənilməz uğurlar əldə etdi.

“Sulşer bu vəzifəyə gətiriləndə mən də Vudvard kimi düşünürdüm: mən yerimdən tullanaraq “Vəssalam! Budur bizə lazım olan! Möhtəşəm olacaq!” demirdim. Amma “O, lazımsızdır” kimi bir düşüncəyə də sahib olmamışam. Sadəcə demişəm: Bu, klubu tanıyan və yenidən stabil vəziyyətə gətirə biləcək biridir.

“Amma onun bu qədər yaxşı olacağını gözləmirdim, əminəm ki, Vudvard da gözləmirdi. Ole hər kəsin gözləntilərini aşıb keçdi və inanılmaz şeylər elədi”.

Ferdinand bu yaxınlarda keçmiş “Yunayted” oyunçularından olan Pol İnsin də Ole Qunnar Sulşer barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. BT Sport kanalında müxbir kimi çalışan Pol İns deyir ki, istənilən keçmiş futbolçu kluba gələrək Olenin etdiklərini edə bilərdi.

“Mən bununla razılaşmıram, çünki kluba ən titullu məşqçilərdən olan Joze Mourinyo da gətirildi, amma o, bunu edə bilmədi. Lui van Qal da böyük məşqçilərdən biridir, o da nəyəsə nail olmadı. Devid Moyes illərlə Premyer Liqada işləmişdi, o da bacarmadı.

“Ole isə “Kardiff”də uğursuz olmuşdu və Moldeyə gedərək orada bir neçə şey qazanmışdı. Və o, kluba gələrək sadəcə “Mançester Yunayted”in tarixinə hörmətini göstərdi, bu, böyük bir şeydir”.

Ferdinand komandanın yardımçı məşqçisi Mayk Felan barədə də danışıb:

“Mayk çox danışan bir adam deyil, amma onun təmkini və komandaya verdiyi müsbət şeylərin dəyəri ölçülə bilməz. Bizim indi “Mançester Yunayted”i bilən adamlarımız var, klubun bünövrəsini bilən adamlar indi iş başındadır və bunu görməyimiz möhtəşəmdir. Asan olsaydı, hamı bu işdə olardı. Bu, asan ola bilməz”.


Mənbə: Daily Mail

0 comments