PSJ ilə oyun sonrası mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Çempionlar Liqası 1/8 final mərhələsinin cavab matçında “Paris-Sen Jermen”i Lukaku (2) və Reşfordun qolları ilə səfərdə 3-1 məğlub edərək tarixi bir geri dönüşə imza atan “Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer oyun sonrası mətbuat konfransında oyun barədə fikirlərini BT Sport kanalının müxbiri ilə bölüşüb.

BİZ AÇIQ OYUN İSTƏDİK

“Biz hər zaman inanırıq, əsas da budur. Biz planı qurmuşduq. Bu, topa sahib olaraq onların oynamasına əngəl olmaq deyildi. Əgər bu komandaya boşluq və zaman versəniz, onlar Mbappe kimi sürətli oyunçularla müdafiənin arxasına sıza bilərlər. Biz bu nəzarəti ilk hissədə bir neçə dəfə itirdik və onlar bizim müdafiəmizə daxil oldular.

“Plan ilk qolu vurmaq və bitimə 5-10 dəqiqə qalmışa qədər üstünlüyə sahib olmaq idi. Biz uşaqların inamlı çıxış edəcəyinə ümid edirdik. Və çox yaxşı bir başlanğıc etdik. İlk qolu vurmaq üçün plan qururduq. 2 dəqiqə içində bunu edəcəyimizi gözləmirdik, amma həmin epizod bizim üçün daha tez oldu. Oyunda daha çox qol vurmaq istədik”.

SOYUQQANLI REŞFORD

“Həmişə şübhələr olur. Mən “Molde”də olarkən ÇL-də “Bazel”ə qarşı oyunun son dəqiqəsində penaltidən yararlana bilməmişdik və biz mübarizəni dayandırmışdıq. Yəni normalda bizim penaltiləri Poqba yerinə yetirir. Reşfordun isə 21 yaşı var və oğlana təzyiqlər olur, amma o, çox da həyəcanlanmadı. Qorxusuz. O və Lukaku möhtəşəm idilər”.

“AYAKS” BİZİ İLHAMLANDIRDI

“Bu, Çempionlar Liqasıdır. Buna görə. Ötən gecə “Real” – “Ayaks” oyununda bunu gördük. Bizim komanda ilə söhbətlərimizin də əsasında bu mövzu dayanırdı. Keçən il “Yuventus” – “Real”, ondan əvvəlki il “Barselona” – PSJ. Biz bilirik ki, bu, hər zaman mümkündür və bu klubda biz də bunu edirik. Bu, sadəcə “Mançester Yunayted”dir”.

ÇONQ VƏ QRİNVUD BİZƏ STİMUL VERDİ

“Həmişə mental tərəddüdlər olur, çünki onların (PSJ) bu təcrübələri var idi. Bizdə başqa cür idi. Biz oyunu son dəqiqələrdə qazandıq və əlbəttə ki, bizim heyətimiz çox gənc idi, sonradan daxil olan iki gənc də oyunumuza əlavə enerji qatdılar və qol vurmağımızda onların da əməyi oldu”.

VAR TEXNOLOGİYASI BARƏDƏ

“Xeyr, mən qayda pozuntusunun təkrar görüntülərini izləmədim. Hər kəsi sakit olmağa çağırdım və onların yerə oturmaqlarını istədim. Çünki baş hakim hər şeyə nəzarət edirdi. Mənim məşqçilər komandam deyir ki, o, özünü  hər kəsin gözündə böyütdü. Çünki tərtəmiz penalti idi”.

SER ALEKS DƏ TRİBUNADA İDİ

“İndi onunla söhbət edə bilməzsiniz. Çox səs-küy var. Möhtəşəm atmosfer, əlbəttə ki, Bossu da burada görmək möhtəşəmdir”.

ÇEMPİONLAR LİQASINI QAZANMAQ OLARMI?

“Əlbəttə ki, bunu etməyi arzulayarıq, lakin biz sadəcə püşkatmanı gözləməli və oyun vaxtı gələndə şansımızı qorumalıyıq. Bizim bir neçə zədəli və cəzalı futbolçumuz var, amma bəlkə də bugünkü oyun bəzi şeylər baxımından yaxşı oldu. Enerji dolu bir komanda idik və bilirdik ki, müdafiə olunmalıyıq, çox çalışmaqdan yorulmamalıyıq. Bunu bacardıq”.


Mənbə: manutd.com

0 comments