Ole: “Bu məsuliyyəti üzərimə götürdüyüm üçün qürur duyuram”

Ole Qunnar Sulşer
Paylaş:

“Mançester Yunayted” ilə yeni 3 illik müqavilə imzalayan Ole Qunnar Sulşer bu gün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ole çıxış edərək qarşıdakı mübarizə üçün həyəcanlı və səbirsiz olduğunu dilə gətirib:

“Məncə, “fəxr” sözü bu hissi ifadə etmək üçün yetərli deyil. Mən xoşbəxtəm, şərəf duyuram, çünki bu, təzə bir başlanğıc oldu.

“Bu, yeni bir şeyin başlanğıcıdır. İndi ağır çalışmalar başlayır. Çox çalışmaq, zövq almaq zamanıdır, hələ buna görə fəxr etmək zamanı deyil.

“Bilirsiz ki, insanlar yeni bir işə təyin olunarkən bunu çoxdan arzuladıqlarını deyirlər. Bu şey mənda digərlərindən daha artıqdır. Bu iş mənim illər boyu ən böyük xəyalım olub. Bəlkə də sadəlövh bir xəyal olub, amma hər zaman mən bu fantastik, nəhəng klubun məsuliyyətini öz üzərimə götürməyi arzulamışam. İndi isə bu məsuliyyətin mənə verilməsindən dolayı şərəf duyuram”.

Sulşer bu günədək klubun müvəqqəti əvəzedici baş məşqçisi idi və o, komandamıza rəhbərlik etdiyi 19 oyunda 14 qələbə qazanmışdı. O, qarşıda özünü dəyişdirməyəcəyini və həmişəki Ole olacağını qeyd edib:

“Mən sadəcə həmişə olduğum kimi olacağam və klubdan olan gözləntiləri, klub ənənələrini və tarixini bilirəm. Əlbəttə ki, mən uğurlu olmaq istəyirəm, təbii ki, mən kuboklar qaldırmağımızı istəyirəm. Amma bu möhtəşəm oyunçulardan ibarət kollektivi inkişaf etdirmək üçün səbirsizəm. Çünki böyük potensiala sahib heyətimiz var.

“Mən onlarla 3 ay birlikdə işləmişəm. İrəliləyiş göz önündədir və bilirik ki, hələ daha çox inkişaf edəcəyik. Biz inkişafı çox yaxşı sezə bilərik, biz onları hər gün məşqlərdə görürük. Onların yanaşması çox yaxşı olub, amma biz bilirik ki, hələ gedəcəyimiz yol var. Mən əminəm ki, biz uğurlu olacağıq”.

Ole düşünür ki, indi komandanın qarşısında duran əsas vəzifə mövsümü ilk dördlükdə bitirməkdir. Amma Çempionlar Liqasında 1/4 final mərhələsi də diqqət mərkəzindədir:

“Əlbəttə, mən bura gələndə biz 4-cü pillədən 11 xal geridə idik. İndi biz özümüzə ilk dördlükdə, hətta ilk üçlükdə olmaq şansı vermişik. Yəni bu, liqada qısamüddətli bir hədəf olacaq.

“Premyer Liqa bizim üçün həyati xarakter daşıyır və təbii ki, biz klubu necə irəliyə aparmalı olduğumuz barədə müzakirələr etmişik. Bizim şansımız var, təbii ki. Çətin bir mübarizə olacaq. Aşmalı olduğumuz bir dağ var, amma biz bundan əvvəl də çox dağlar aşmışıq”.


Mənbə: ManUtd.com

0 comments