“Yunayted” Norveçdə yoldaşlıq görüşləri keçirəcək

Norveç
Paylaş:

“Mançester Yunayted” bəyan edir ki, klubun həm kişilərdən, həm də qadınlardan ibarət komandaları yay hazırlıq turu çərçivəsində Norveçdə yoldaşlıq oyunları keçirəcəklər.

İlk olaraq 30 iyulda komandamız Oslo şəhərinin “Ulleval” stadionunda “Kristiansund” komandası ilə qarşılaşacaq. “Kristiansund” elə Ole Qunnar Sulşerin doğulduğu şəhərin eyniadlı təmsilçisidir.

31 iyul tarixində isə “Yunayted”in qadınlardan ibarət komandası paytaxtda “Valerenqa” ilə üz-üzə gələcək.

Klubun icraçı direktoru Ed Vudvord Norveçdə keçiriləcək yoldaşlıq görüşləri barədə fikirlərini bölüşüb:

“Bu yoldaşlıq görüşləri hər iki komandamız üçün planlaşdırılan möhtəşəm mövsüm öncəsi hazırlıqların bir parçası olacaq. Klub hər zaman Norveçdə böyük kütlə tərəfindən dəstəklənib, bizim skandinaviyalı azarkeşlər qrupumuz ən böyük və ən aktiv fan-klublardan biridir.

“Olenin doğulduğu şəhərin komandasına qarşı oynamaq xoş olacaq və mən əminəm ki, həmin oyuna böyük dəstək nümayiş olunacaq. Bu, həmçinin Keysinin qadınlar komandası üçün də yeni mövsüm öncəsi mükəmməl hazırlıq olacaq”.

Ole Qunnar Sulşer də vətəninə qayıdacağı üçün çox məmnun olduğunu bildirib:

“Mən çox şadam ki, biz “Kristiansund BK”ya qarşı oyun keçirəcəyik. Onlar mənim doğulduğum yerin komandasıdırlar və bu da mənim üçün əlavə bonus deməkdir. Bizə Skandinaviyada çox böyük dəstək var və Norveçin hər yerində “Yunayted” azarkeşləri ilə qarşılaşmaq möhtəşəmdir.

“Bu matç bizim yeni mövsüm üçün hazırlıqlarımızda çox vacib bir oyun olacaq. Biz meydana çıxaraq var gücümüzlə oynamaq və mövsüm başlayana qədər bu mübarizə şansından istifadə etmək istəyirik. Bunu ən yaxşı şəkildə dəyərləndirməliyik”.

Ötən il yaradılan və ilk mövsümündəcə FA Qadınlar Çempionşipin qalibi olaraq FA Qadınlar Super Liqasına yüksələn komandanın baş məşqçisi Keysi Stouni də Norveç turunu dəyərləndirib:

“Biz gözləyə bilmirik, fantastik bir şəhərdə möhtəşəm bir oyun olacaq. Yeni mövsümə hazırlıq üçün yaxşı bir test olacaq. Bizi də bu oyuna dəvət etdikləri üçün çox minnətdarıq. Yeni mövsüm öncəsi bu çox önəmli bir şeydir. Biz ilk oyunda kiminlə qarşılaşacağımızı bilmirik, lakin ən yaxşı oyunçularla ən yaxşı komandanı oynatmaq bizə imkan verəcək ki, yeni mövsümdə kimlərin komandanın əsas üzvlərindən biri olacağını görək. Biz mövsüm başlayana qədər hansı vəziyyətdə olduğumuzu və nələrin üzərində çalışmalı olduğumuzu biləcəyik”.


Mənbə: Manutd.com

 

0 comments