Xuan Mata ilə yeni müqavilə imzalanıb

Xuan Mata
Paylaş:

“Mançester Yunayted”in saytı bəyan edir ki, klub Xuan Mata ilə müqavilə müddətini 2021-ci ilin iyun ayınadək artırıb. Müqavilədə müddətin əlavə 1 il artırılması bəndi də yer alır.

2014-cü ilin yanvarında “Yunayted”ə qoşulan ispaniyalı yarımmüdafiəçi indiyədək komandamızla İngiltərə Kuboku, İngiltərə Superkuboku, İngiltərə Liqa Kuboku və Avropa Liqasının qalibi olub. 31 yaşlı futbolçu 5 illik “Mançester Yunayted” karyerası ərzində 218 oyuna çıxıb və 45 qol vurub.

Yeni müqavilə imzalamasının ardından Xuan Mata deyib:

“Bu möhtəşəm klubu və inanılmaz azarkeşlərini təmsil etməyə davam etmək əsl şərəfdir. Mən 5 ildir “Mançester Yunayted”dəyəm və mən “Old Trafford”a “evim” deyə bildiyim üçün fəxr edirəm.

Mən Ole Qunnar Sulşer və onun fantastik məşqçilər heyəti ilə çalışmaq üçün səbirsizlənirəm. Onların klubun gələcəyi barədə baxışları çox həyəcanvericidir və mən də bunun bir parçası olacağımdan dolayı çox xoşbəxtəm”.

Ole Qunnar Sulşer isə onun haqqında danışarkən deyib:

“Xuan çox peşəkar və indiyədək işlədiyim ən ağıllı futbolçulardan biridir. O öz davranışları ilə bizim gənc oyunçular üçün çox böyük bir nümunədir. Bir “Mançester Yunayted” oyunçusu olmağın nə məna daşıdığını və bu möhtəşəm klubun özündə nələr ehtiva etdiyini çox gözəl bilir.

O, meydanda etdikləri ilə bərabər, bizim gənclərə də qarşıdakı mövsümlərdə öz potensiallarını göstərə bilməkdə yardımçı olacaqdır. Onunla yeni müqavilə imzalanmasından dolayı çox şadam. Çünki mən bilirəm ki, onun istedad və mentaliteti komandamız üçün misilsiz olacaq”.


Mənbə: manutd.com

0 comments