Harri Maquayr: “Yunayted”ə keçdiyim üçün qürur duyuram

Harri Maquayr
Paylaş:

Komandamızın yeni transferi Harri Maquayr MUTV kanalına eksklüziv müsahibə verib.

Kluba gəlişi, məqsədlər, “Çelsi” ilə oyuna hazır olması və digər şeylər barədə geniş danışan Harri Maquayrın müsahibəsini sizlərə təqdim edirik.

Harri, ötən mövsümün ilk turunda sən “Old Trafford”da Yunayted”ə qarşı oynayırdın. İndi isə bura sənin evindir. Bu necə bir hisdir?

“İnanılmazdır. Belə bir böyük kluba qoşulmaq mənim üçün qürurverici bir andır və mən başlamaq üçün səbirsizlənirəm. Sizin də dediyiniz kimi, ötən mövsümün ilk matçı “Old Trafford”da idi – Premyer Liqada olduğum müddətcə hər zaman maraqla oynamağı gözlədiyim həmin stadion, indi ora mənim evimdir və başlamaq üçün çox səbirsizlənirəm”.

Mövsüm öncəsi hazırlıqların necə keçdi? İlk turdaca oyuna çıxmağa ümid etməlisən.

“Bəli, başımı aşağı salıb işimi gördüm və çoxlu çalışdım. “Lester” ilə bütün məşqlərdə və oyunlarda iştirak etdim, yəni hazırlıq vəziyyətim qaydasındadır. Oynamaq mənim üçün çox önəmli idi, çünki istədiyim şeyi əldə etmək üçün çalışmalı idim və ilk oyuna hazır olmalı idim. Mən özümü oynamağa hazır hiss edirəm, amma bir şey də var ki, hər şeyin baş məşqçinin qərarından asılır”.

Baş məşqçinin planları barədə nə qədər xəbərdarsan? Tək bu mövsüm üçün yox, gələcək üçün.

“Çox gözəl. Gənc bir komandayıq və gələcəyə çox böyük ambisiyalarımız var. Düşünürəm ki, biz artıq yenidən kuboklar qazanmağa start vermişik, təbii ki, bunu ən çox baş məşqçinin özü istəyir və onun qalib mentaliteti bütün oyunçulara kömək edəcək. Lazım olan hər şeyin komandaya gətiriləcəyi barədə ona və bütün məşqçilər korpusuna güvənirəm. Bunu səbirsizliklə gözləyirik”.

Yenidənqurma prosesinin bir parçası olmaq həyəcanvericidirmi?

“Əlbəttə ki. Məncə, siz bu il komandaya cəlb olunan oyunçuları görmüsünüz. Görə bilərsiniz ki, onlar ötən mövsümdən qurulmağa, inkişaf etməyə çalışırlar və mən bunu edəcəyimizə əminəm”.

H.Maquayr

“Mançester Yunayted” bir ailə klubu olaraq ürəklərdə daim öz yerini qoruyur. Səni kluba cəlb edən şeylərdən birinin də bu olduğunu düşünürsənmi? İlk günündə buradakı məşqləri izləyərkən bunu hiss etdinmi?

“Bəli, bu, möhtəşəm bir klubdur. Uşaq yaşlarımdan izlədiyim və hər zaman diqqətdə saxladığım bir klubdur. Balaca uşaq olarkən “Uembli” və “Old Trafford” iki böyük stadion idilər və sən bir gün oralara ayaq basmağı xəyal edərdin, indi mən bunun bir parçasıyam. Mən bu gün buraya gəlmişəm və hamı məni çox xoş qarşılayıb, uşaqlarla görüşmək və birlikdə oynamaq üçün gözləyə bilmirəm”.

11 yaşında ikən doğulduğun yerin “Şeffild Yunayted” klubunda olmusan, “Bremall Leyn”də topdaşıyan uşaq idin. “Mançester Yunayted”lə oraya qayıtmaq barədə nə deyə bilərsən?

“İnanılmaz bir hisdir. Onlar da ötən mövsüm Premyer Liqaya qalxmaq üçün çox yaxşı işlər görüblər, o stadiona “Mançester Yunayted” forması ilə qayıtmaq çox gözəl olacaq və mənim həmin oyunu səbirsizliklə gözləyirəm. Mən sadəcə işimi görəcək və 3 xal qazanmaq üçün meydana çıxacağam, amma bu həm də mənim üçün çox xüsusi bir oyun olacaq”.

Sən həm də 2011 FA Gənclik Kuboku finalında “Mançester Yunayted”ə qarşı oynayırdın.

“Mükəmməl bir təcrübə idi, mənim “Şeffild Yunayted”in əsas heyətində oynamaq şanslarıma çox yaxşı təsir edən bir oyun idi. Fikrimcə, “Bremall Leyn”də bütün biletlər satılıb qurtarmışdı və stadionda 30 min tamaşaçı var idi. Sonra cavab matçına yollanmaq və ilk dəfə “Old Trafford”a ayaq basmaq inanılmaz bir təcrübə idi. Heç vaxt unutmayacağım bir şey idi və indi buradayam, bura mənim evimdir”.

İlk “Old Trafford” təəssüratın necə idi?

“Gənc vaxtlarında belə bir yerdə çıxış etməyi bir az reallığa sığdırmaq olmur. Atmosfer və stadionun özü çox unikaldır, dediyim kimi, indi yenidən burada çıxış etmək və uğurların bir parçası olmaq üçün çox səbirsizəm”.

Sən indi Mayk Felanla yenidən bir komandadasan, “Hall Siti”də olduğu kimi. O, sənin karyerana nə cür təsir edib və heç daha əvvəl “Yunayted”ə gəlməyin barədə nəsə danışmışdı?

“Mənə hər zaman keçmişdə çalışdığı oyunçulardan nümunələr və ipucuları verərdi. Onun çox böyük təcrübəsi var və mənim onunla çox yaxşı münasibətim var. O, mənim Premyer Liqada müntəzəm oynamağıma şans yaradan və təkmilləşməyimə yardım edən əsas şəxs idi, buna görə ona borcluyam. Onunla birlikdə işləmək üçün çox həyəcanlıyam və o, yüksək səviyyəli bir məşqçidir, illər boyu mənə kömək edib, onunla hər zaman əlaqədə olmuşam və indi çox şadam ki, onunla birlikdə çalışacağam”.

Orada sən Stiv Bryusla da birgə işləmisən, o, “Mançester Yunayted”də uğurlu bir müdafiəçi olmaq barədə çox şeylər bilər.

“Bəli, mən işlədiyim məşqçilər sarıdan çox şanslı olmuşam, keçmişdə mərkəz müdafiəçisi olmuş məşqçilərdən çox şeylər öyrənmişəm. Stivin mənimlə çox yaxşı münasibəti var idi və “Hall Siti”də əldə etdiyim şeylər üçün hər zaman onlara minnətdar olacağam. Orada xüsusi şeylər qazanmışam və Felanla Stivi iki keçmiş “Yunayted” futbolçusu olaraq mənə dəhşət çox şeylər öyrədiblər”.

İngiltərə milli komandasında Qaret Sautqeytin rəhbərliyi altında çalışırsan. Ondan öyrəndiklərin barədə nə deyə bilərsən?

“Əvvəl də dediyim kimi, mən məşqçilər sarıdan çox şanslı biri olmuşam, oynadığı illərdə top səviyyədə olan adamlarla işləmişəm. Onlarla məşq etdiyim bütün zamanlarda nələrsə öyrənirəm və onların mənə göstərdiyi yollar mənim daha da inkişaf etməyimə və oyunuma yansıtmağıma böyük ölçüdə yardım edib”.

h.Maquayr

Son bir neçə mövsümdə nə qədər inkişaf etdiyin barədə nə düşünürsən?

“Hiss edirəm ki, mən Premyer Liqada oynamaq üçün artıq daha çox təcrübəyə sahibəm, mən mühasirə vəziyyətlərində artıq daha rahat və daha inamlıyam. Təcrübə böyük şeydir, gənc olarkən oyunlar oynayaraq öyrənirsən və inkişaf edirsən, necə ki, mən də Birinci Liqada və Çempionşipdə çıxış edərkən belə olmuşam və yuxarılara gəlmişəm. Çətin vəziyyətlərlə başa çıxmaq son bir neçə mövsümdə mənim Premyer Liqada oynamaq təcrübəsinə sahib olmağa və daha da rahat oynamağa gətirib çıxartdı”.

Bir oyunçu olaraq öz keyfiyyətlərin barədə danış.

“İlk öncə onu deyim ki, mən komanda üçün hər şeyimi verirəm. Komanda oyunçusuyam və mən komandaya fərqli atributlar gətirməyə çalışacağam. Soyuqqanlı olmaq, amma əsas olan qələbə qazanmaqdır ki, mən də bunu komandamıza qaytarmağa kömək edəcəyimə inanıram”.

Rusiyada keçirilən Dünya Çempionatı sənin karyeranda ən önəmli anlardan biri oldu. Necə bir təcrübə idi?

“Əslində, Dünya Çempionatı üçün milliyə dəvət olunmaq inanılmaz bir şey idi. Komanda ilə o cür çıxış etmək, azarkeşlərin inanılmaz dəstəyi də xüsusi qeyd olunmalıdır. Həyatı dəyişdirən bir an idi və həmin an bizi daha çox şey üçün oynamağa həvəsləndirmişdi. Mənim üçün möhtəşəm bir zaman idi və heç vaxt o günləri unutmayacağam”.

Milli səviyyəsində oynamağının sənin klub səviyyəsində oyununa da müsbət təsir etdiyini düşünürsənmi?

“Mütləq şəkildə. Düşünürəm ki, Qaret ilə işləmək, məşqçiliyindən mənə öyrətdikləri, video analizlərlə mənə nümunələr göstərməsi mənim fərdi oyunuma çox mühüm şəkildə təsir göstərib. Düşünürəm ki, bu məni çox inkişaf etdirdi, hiss elədim ki, mən artıq ən yüksək səviyyədə və ən böyük təzyiq olan oyunlarda oynamağa hazıram”.

Hələ ki yeni komanda yoldaşlarınla rəsmən görüşməmisən. Amma millidən tanıdığın uşaqlar var.

“Buradakı uşaqların çoxunu tanıyıram və düşünürəm ki, bu mənə komandaya daha tez uyğunlaşmağım və meydanda ən yaxşı tərəfdən özümü göstərməyim üçün çox yardım olacaq. Markus, Cessi və Yanqi mənimlə birlikdə Dünya Çempionatında idilər və biz orada çox yaxşı vaxt keçirmişdik, Yanq hələ mənə DÇ-də yaxşı bir məhsuldar ötürmə də etmişdi! Onlarla görüşməyi, birlikdə olmağı və mövsüm keçirməyi çox istəyirəm”.

Məşqlərdə Reşford və Linqard ilə üz-üzə gəldiyin olub?

“Əlbəttə ki, məşqlərdə onlarla çox qarşı-qarşıya gəlmişəm, hər ikisi top səviyyədə oyunçulardır, çox təhlükəlidirlər. Ümid edirəm buradakı məşqlərdə mənim çıxış etdiyim komandada olarlar, nəinki o biri komandada”.

Yeni kluba qoşulmaq necə bir şeydir? İlk dəfə məşqlərə çıxmaq necə bir hiss olacaq?

“Uşaqların bəziləri ilə və Mayk Felanla daha əvvəl işlədiyim üçün düşünürəm ki, elə də çox narahatlığım olmayacaq. Ümumilikdə, sinirlərlə çox yaxşı başa çıxa biləcəyimi düşünürəm, özgüvənli bir oğlanam, çünki mən həm milli komandada və həm də digər klublarda top futbolçularla çalışmışam”.

Qola əngəl olmaq və qol vurmaq. Hansı səni daha çox məmnun edir?

“Yəqin ki, qola əngəl olmaq. Birinci növbədə mən özümü yaxşı bir müdafiəçi kimi hiss etmək istəyirəm, əsas olan budur. Mən qolları dayandırmaq və qapını toxunulmaz saxlamaq üçün bu klubdayam, bundan əlavə edəcəklərim isə bonusdur. Qol vurmaq da çox gözəl şeydir, amma mənim üçün prioritet məsələ bizə qarşı gələn zərbələri əngəlləmək və qapımızın toxunulmazlığını qorumaqdır”.

Özün də dediyin kimi, qol vurmaq gözəl şeydir. Bəs “Stretford End”in qarşısında son dəqiqə qolu vuraraq qələbə qazandırmağı təsəvvür edə bilirsən?

“Xəyallardan biridir. Açığı, mən bir neçə qolda iştirak edəcəyimi hiss edirəm, başımı cərimə meydançası daxilində çox yerdə işlədəcəyəm. Bu mövsüm də yaxşı tərəfdən komandaya xeyir verəcəyimə və komanda yoldaşlarımın da gözəl ötürmələri ilə qollar vuracağıma əminəm”.

İndi buradasan və başlamağa hazır vəziyyətdəsən, bəs “Yunayted” azarkeşlərinə nə demək istəyərdin?

“Burada olduğum üçün çox qürur duyuram, çox böyük bir klubdayam və başlamaq üçün çox-çox səbirsizlənirəm. Uğurlu bir mövsüm keçirəcəyimizə ümid edirəm və bu klub üçün sahib olduğum hər şeyi verəcəyəm”.


Mənbə: ManUtd.com

 

0 comments