Yeni sezon Adidas formaları və sponsorluq müqavilələri haqqında

Paylaş:

Gördüyünüz bu forma “Mançester Yunayted”in 1980-ci illərdəki Adidas formasıdır. İnternetdə yeni sezon formalarıya bağlı çoxlu yalan məlumatlar var, bəlkə də bilmirik arasında bəziləri həqiqətən yeni sezon formalarının sızmış şəklidir. Hələ ki, klubumuz ABŞ turunda Nike-ın hazırladığı məşq və oyun formalarını geyinir.

Adidasın 1980-ci ilərdə ManUtd forması

Bildiyimiz bir şey var ki, keçən il Adidas-la müqavilə imzalananda yeni formaların dizaynı haqda heç nə deyilməsə də, BBC-dəki xəbərdə belə bir cümlə var idi: “Onlar yeni formaların dizayn detalları haqda heç bir məlumat verməsələr də, qeyd ediblər ki, bu formalar komandanı ruhlandırmaq üçün 1980-cı illər və 1990-cı illərin əvvəllərindəki formalar kimi ola bilər”. Deməli, yeni mövsüm qabağı şəkildəki formaya bənzər bir şeylə qarşılaşmaq ehtimalımız çoxdur.

Adidas-la olan müqavilənin bəzi detallarını yenidən xatırlatmaq istəyərdik. Klubla Adidas arasında 10 illik və dünya tarixindəki ən böyük forma müqaviləsi 2014-cü ildə imzalanıb və 2015-2016 mövsümündən etibarən futbol ictimaiyyəti qarşısında olacaq. Buna qədər Nike öz formalarına görə “Yunayted”ə  23,5 milyon funt ödəyirdi. Yeni forma müqaviləsini dünyanın ən böyük sponsorluq müqaviləsi edən isə 10 il ərzində ödəniləcək 750 milyon funt-sterlinqdir. Sadə hesablama ilə bu ilə 75 milyon funt edir. Bundan əvvəl Adidas-ın ən bahalı forma müqaviləsi “Real Madrid”lə olan illik 31 milyon funtluq müqavilə idi. 750 milyon funt elə də az məbləğ deyil, amma bunu dollarla ya da avro ilə ifadə eləsək rəqəm daha kosmik olur: 1 174 950 000 dollar (qeyd: müqavilə imzalanan il 1.14 milyard dəyərində idi), 1 077 825 000 avro və yaxud 1 229 775 000 manat. İllik 75 milyon funt isə 117 472 500 dollara, 107 722 500 avroya və ya 122 977 500 manata bərabərdir. Məlumat üçün deyim ki, Qleyzer klubu alanda bu müqavilənin ümumi həcmindən 40 milyon funt daha az xərcləmişdi. Adidas-ın rəsmiləri bildirib ki, əməkdaşlıq müddətində 1.5 milyard funt dəyərində satış gözləyirlər.

Xırda bir statistika aparaq yeni transferlərimiz ətrafında: Depay 25 milyon funt; Darmian 12.7 milyon funt; Schweinsteiger 14.4 milyon funt, Schneiderlin 25 milyon funt. Bunlar rəsmi rəqəmlər deyil, amma bu qiymətlər ətrafındadır. Hərçənd fikirləşirəm ki, əgər qiymətlər həqiqətən belədirsə, həm Darmian, həm də Bastian transferində bizə yaxşıca qiymət oxuyublar. “Bayern” özü Xabi Alonso kimi bir təcrübəni 5 milyon funta almışdı. Nə isə, bu transferlərimiz hamısı edir hamısı birlikdə 77.1 milyon funt edir. Adidas-la bir illik forma müqaviləsindən bir azca baha. Nəzərə alaq ki, “Yunayted” hər il belə bahalı transfer edən bir klub deyil. Sadəcə bu son 2 mövsüm transferləri klubun yenidən qurulması üçün labüd olan xərclərdir.

Bəzi azarkeşlərimiz fikirləşir ki, Nike formaları daha yaxşı idi, Adidas formaların çiyin hissəsinə özünəməxsus 3 zolağı əlavə edib korlayacaq və s. Amma mən bu müqaviləyə başqa tərəfdən baxıram. Ser Aleks klubda olan müddətdə transferlərə elə də çox pul xərclənmirdi və Ferqyuson “Yunayted”i razılaşmasaz da 5 ulduzlu şkalada nəzərdən keçirsək 4 və ya 4.5 ulduzlu bir heyətlə yüksək səviyyədə idarə edirdi. Amma Ser bizi tərk edəndən sonra, sözsüz ki, rəhbərlik gözəl bilirdi ki, onun elədiklərini qısa müddətdə təkrarlaya biləcək heç kim yoxdur və heyəti gücləndirmək lazım gələcək. Çünki Ferqyuson taktiki bir məşqçi olmaqdan əlavə, həm də güclü bir motivator məşqçi idi və oyunçular üzərində mənəvi hegemoniyası var idi. Tim Howard boş yerə demirdi ki, əsəbi bir Ferqyuson dünyadakı ən qorxulu şeydir, hətta Barak Obamanın zəngindən belə. Xülasə versəm, bu qədər illər ərzində və David Moyesin uğursuzluğundan sonra kluba güclü transferlər və böyük miqdarda pul lazım idi. “Yunayted” Nike-a forma müqaviləsini 3 dəfə (70.5) artırmağı təklif etdi və razılıq ala bilmədi, əvəzində Adidas bu fürsəti qaçırmadı.

Ehtimal edilən adidas formalarından biri

Ehtimal edilən adidas formalarından biri (soldakı)

 

İndi deyə bilərsiz ki, bəs 1 illik müqavilə pulunun hamısını transferlərə xərcləmək düzgün addım deyil, amma yuxarıda da qeyd elədiyim kimi bu komandanın yenidən qurulması üçün ilkin illərdə lazımdır. Amma yaddan çıxartmamalı olduğumuz digər bir sponsorluq müqaviləmiz var – Chevrolet. Amerikan avtomobil nəhəngi ilə imzalanan müqavilə 7 illikdir və ilə 53 milyon funt dəyərindədir. Bundan əvvəlki AON yazısı üçün isə 20 milyon funt alırdı. Bundan sonra AON ancaq hazırlıq geyimləri üzərində olacaq yəqin. Hələ digər sponsor müqavilələrini demirəm.

Sonda deyim ki, nə gözümüzün öyrəşmədiyi qızılı Chevrolet” (adətən ağ olurdu) yazısına görə, nə də Adidas formalarına görə heyfslənməyə dəyməz. Bunlar hamısı klub üçün verilmiş ən yaxşı qərarlardır. Rəhbərliyin üzərinə düşən bu pulları klubun xeyiri üçün düzgün xərcləmək, bizə düşən isə klubu dəstəkləməkdir.

 

Yarı yalan yarı gerçək.

turalfot

The way leads us to Old Trafford

0 comments