Dəhşətli Münhen qəzası: “Fevralın qara üzü”

Paylaş:

Əsrin ortalarında futbol tarixini kökündən sarsıdacaq bir faciə baş vermişdi. Bu “Mançester Yunayted” gənclərinin faciəsi idi. Dərin futbol sevgisi olan hər bir insanın biganə qala bilməyəcəyi bir hadisə – Münhen faciəsi.

II Dünya müharibəsindən sonra MY-in baş məşqçilik vəzifəsinə bir zamanlar futbolçu kimi “Mançester Siti” və “Liverpul”un şərəfini qorumuş Mett Basbi gətirilir. O, komandanı qısa müddətdə gənclərdən ibarət güclü bir kollektivə çevirməyi bacarır. Uzun zamandır əsas kuboka həsrət qalan komandanı 1952-ci ildə (41 ildən sonra) çempion edə bilir. 1956-cı ildə də çempion olan komandada yaş ortalaması sadəcə 22 idi. Bu gənc istedadlar yavaş-yavaş bütün rəqiblərin kabusuna çevrilirdi. Media tərəfindən “Basbinin körpələri” adlanan bu gənclər, digər ingilis komandaları kimi İngiltərə futbol assosiasiyasının qanunlarına görə 1955-də start götürən Avropa Çempionlar Kubokuna (indiki ÇL) qatıla bilməmişdilər. Amma ertəsi il bu çempionata qatılan ilk ingilis təmsilçisi kimi də tarixə düşürlər. Həmin mövsüm yarımfinalda Madridin “Real” səddini keçə bilməyən komanda artıq özündən söz etdirməyə başlamışdı. Növbəti mövsüm də uğurla çıxış edən MY “Şemrok Rovers” və “Dukla Praqa”nı bütün matçlarda yenərək ÇK-nın 1/4 finalına vəsiqə qazanmışdılar. Bu mərhələdə isə rəqib Yuqoslaviya təmsilçisi “Srvena Zvezda” idi. İlk matç (14 yanvar) “Old Trafford”da keçirilir və “Yunayted” 2-1 qalib gəlir. Cavab matçında (5 fevral) isə “qırmızı şeytanlar” Belqrad səfərindən 3-3 bərabərliklə ayrılır və yarımfinala vəsiqə qazanır.

Münhen faciəsi

6 fevral 1958-ci il. Şənbə günü liqada oyun olduğuna görə komanda məşqlərə başlamaq üçün vətənə tez qayıtmalı idi. Qayıtmaq üçün isə “Airspeed Ambassador G-ALZU” təyyarəsi təyin olunmuşdu. Bu Britaniya Hava Yollarına məxsus 609 saylı təyyarə idi. Təyyarə 1952-ci ildə istifadəyə verilmişdi və həmin tarixdən 86 min uçuş həyata keçirmiş, 2,340,000 sərnişin daşımışdı. Və bu uçuşların heç birində təyyarədə azacıq da olsa, qəza halı yaşanmamışdı. Təyyarə Belqraddan 1 saat gecikmə ilə qalxır. Çünki futbolçulardan Conni Beri pasportunu itirmişdi. Onun hətta təyyarədən qorxduğunu da deyənlər var. Nə isə ki, pasportunu tapır və təyyarə Belqraddan ayrılır. Bilsəydi ki, qarşıda nə faciə yaşayacaq, heç minməzdi o təyyarəyə…

Məsafə çox uzaq olduğu üçün dövrün təyyarəsi Belqrad-Mançester uçuşunu birbaşa yerinə yetirə bilməzdi. Yanacaq doldurmaq üçün təyyarə yolüstü Münhen hava limanına enməli idi. Eniş uğurlu olur. Yanacaq vurulur və təyyarə yoluna davam etmək üçün hazır vəziyyətə gətirilir. Qar, şaxtalı hava şəraiti və donmuş uçuş zolağı. Pilot Ceyms Teyn təyyarəni yenidən havalandırmaq üçün sükan arxasına keçir. Amma təyyarə havaya qalxa bilmir. Çünki hava soyuq olduğu üçün motorlarda qüsurlar yaranmışdı. Təyyarənin qanadlarında donma ehtimalının yoxlanılmaması isə sonralar uçuşun səhvi sayılacaqdı. Pilot daha bir cəhd edir və bu dəfə də “G-ALZU” qalxmır ki, qalxmır. Hava limanında pilota bu gün uçuşun uyğunsuz olduğunu deyirlər. “Atalar üçdən deyib”, Teyn daha bir uçuş cəhdi edir. Bu zamana qədər təyyarədə olan futbolçular kim bilir, nədən danışırdılar. Yarımfinal sevinci, çempionluq ümidləri, liqada növbəti matç haqqında, hə, bir də axı gənc idilər, qızlardan da danışa bilərdilər təbii, zarafatlaşardılar…

Nə isə ki, pilot uçuş üçün 3-cü cəhdi edir. Saatlar 15:04-ü göstərir, bir az yuxarı qalxan təyyarə öncə hava limanını əhatə edən maneələrə, sonra isə yaxınlıqdakı sahibsiz bir evə çırpılıb, sürətlə yerə dəyir. Həmin an təyyarədə olan 43 nəfərdən 23-ü öləcəkdi. ÇK yarımfinalına vəsiqə qazanan komandanın əsas oyunçularından 7 nəfəri elə qəza yerindəcə həlak olur. Gənc istedadlar; Cef Bent, Rocer Brayn, Eddi Kolman, Mark Cons, Devid Peqq, Tommi Teylor və Liam Uilan bu bədbəxt yeddiliyin üzvləri idilər. Qəzadan ayaq və qabırğaları qırılaraq sağ çıxan, MY tarixinin ən yaxşı oyunçuları sırasında 4-cü göstərilən Dankan Edvards isə 15 gün sonra Münhen xəstəxanasında böyrək çatışmazlığından həyata, futbol dünyasına gözlərini əbədi yumacaqdı. Həyatının son dəqiqələrində yanındakılara dediyi həyat istəkli sözləri isə isə belə idi: “Canavarlar”la oyun nə vaxtdı? O matçı qaçıra bilmərəm”.

“Vulverhempton”la oyunu nəzərdə tuturdu. Bəlkə də buna görə digər yoldaşlarından fərqli olaraq 15 gün ölümü qapısına yaxınlaşdırmamışdı universal futbolçu.

Manchester Team

Qəzada təkcə futbolçular ölməmişdi. Ölənlərin çoxunu ingilis idman jurnalistləri təşkil edirdi. Klubun 2 məşqçisi, 1 azarkeş və sadə sərnişinlərdən də ölənlər olmuşdu. “Basbinin körpələr”indən Coni Berri və Ceki Blenkflover sağ qala bilsələr də, ağır zədələrdən savayı futbola erkən vida etməli olurlar. Digərləri isə dostlarının ölməsi, özlərinin sağ qalmasına görə ömür boyu psixoloji bir günahkarlıq hissi ilə yaşadılar. Mett Basbi qəzadan sağ çıxa bilsə də, uzun müddət yaralardan ötrü xəstəxanada qalmalı olur. Bu müddətdə onun 2 dəfə öldüyü xəbəri də çıxır.

Həmin gün bir də əfsanəvi qapıçı Herri Qreq var idi. Qəza anlarını öz dilindən oxuyaq: “Təyyarənin qalxdığını və bir evlə ağacı keçdiyimizi xatırlayıram. Daha sonra, birdən hər şey qaraldı. Təyyarənin sarsıldığını və bir çox parçanın ətrafa dağıldığını gördüm. Başımı harasa çırpmışdım, təyyarə bir yanına doğru əyildi və daha sonra da burnu üstə yerə dikildi. Özümə gəldiyimdə hələ həyatdaydım. Kəmərimi açdım və parçalanmış təyyarədən çıxdım. O anda pilotu gördüm. Mənə “axmaq, tez qaçın, təyyarə partlayacaq” deyə, qışqırdı. Tam qaçmağa çalışırdım ki, birdən qulağıma ağlayan uşaq səsi gəldi. Təcili yardım işçilərinə bir uşaq səsi gəldiyini dedim, amma kimsə yardıma gəlmədi. Özüm yanan təyyarəyə geri döndüm və balaca bir qız uşağını ordan çıxartdım. Sonra anasını da sıxışmış olduğu oturacaqdan qaldırıb tez bayıra qaçırtdım. Təyyarənin arxa tərəfinə qaçdım və Çarlton ilə Denis Vyoleni hərəkətsiz halda qaldığını gördüm. Onları öldü sanmışdım. Quyruq tərəfə baxdığımda isə alovların arasında Basbini gördüm. Ayaqları sıxılmışdı və hərəkət edə bilmirdi. Tibbi yardımçıları çağırıb, ardından Bobbi və Denisin yanına getdim. Ölməsinlər deyə, Tanrıya nə qədər dua etdiyimi xatırlayıram. Yerdə hərəkətsiz qalan Rocer Braynın gözlərini örtmədiyim üçünsə heç vaxt özümü bağışlamayacam”.

Faciənin əsas səbəbkarı, günahkarı isə yəqin ki, o zamanlar İngiltərə Futbol liqasının baş katibi olan Alan Hardaker idi. Belə ki, 1957-ci ildə “Çelsi”nin ÇK-ya qatılmasına imkan verməmişdi. Növbəti il də MY-ni avrokubokdan kənar saxlamaq istəsə də, buna nail ola bilməmişdi. Mett Basbi ondan “Srvena Zvezda” ilə oyundan sonra “Vulverhempton”la qarşılaşmanı ertələməyi xahiş etmişdi. Vəziyyətdən istifadə edən Hardaker isə təqvimdə heç bir dəyişiklik etməyəcəyini deyir.

Həmin gün Mançester sükuta qərq olur. Hər oyun gənc “şeytanlar”ı izləmək üçün “Old Trafford”a toplaşan minlərlə azarkeş həmin gün də stadionun qarşısında idi. Amma bu dəfə səbəb fərqli idi. Sükut, kədər, sual, çaşqınlıq… Şəhər qaraya bürünmüşdü.

Yarımfinala vəsiqə qazanan MY “Milan”la qarşılaşmalı idi. “Xəyalların Teatrı”nda “şeytanlar” rəqibini 2-1 məğlub etsə də, “San Siro”dan 4-0 məğlub ayrılaraq mübarizədən kənar düşür. Əslində, elə də təəcüblü bir şey yoxdu. Belə bir şey təsəvvür edin, indiki “Barselona” ÇL yarımfinalına vəsiqə qazanır və matça Messi, Neymar, Suares, İnyesta, Buskets, Pike, Alveş və Bravodan yoxsul çıxır. Necə olar?

Həmin mövsüm çempion “Real Madrid” olur. Basbinin dostu – Santiaqo Bernabeunun (klubun prezidenti) isə “Yunayted” üçün etdiklərini sadalasam, qazandıqları kuboku “Mançester Yunayted”ə təklif etdi, qarşı tərəfdən alicənablıqla imtina edilən bu təklifdən sonra o, Alfredo di Stefanonu, maaşının ödənilməsini də öz üzərinə götürmək şərti ilə “Yunayted”ə təklif etdi, bu da alınmayandan sonra Bernabeu “Champions of honour (Şərəf çempionları)” adlı heykəl düzəltdirib Mançesterə yollamışdı. Əlavə olaraq, Mançesterdən olan əlil və yoxsullara İspaniyada pulsuz müalicə və xidmət göstərilməsini təmin etmişdi.

Mett Basbinin yoxluğunda komandanı yardımçı məşqçi Cimmi Mörfi çalışdırır. O, dağılmış komandanın gənclərindən ibarət yeni komanda qurur. O dönəmin futbol mütəxəssisləri artıq “Mançester Yunayted” adlı bir klubun yaşayacağına inanmırlar və klubun ləğv olunacağını düşünürdülər. Yenidən həyata qayıdan komanda isə ilk matçında “Şeffild Uednesdey”i 3-0 məğlub edir. Liqada çox yaxşı olmasa da, kubok finalına qədər irəliləyə bilən MY sonda “Bolton”a 2-0 məğlub olmuşdu. Amma ölkə superkubokunu qazana bilmişdi zədəli komanda.

Bir müddət sonra Mett Basbi sağalıb ayağa qalxır və “Yunayted”i yenidən qurmağa başlayır. Faciədən 10 il sonra Avropanın ən güclüsü olmağı bacaran komandanın heyətində, qəzadan sağ çıxmış Bobbi Çarlton və Bill Foulks da var idi…

1442660_big-lnd


Müəllif: Səid Məmmədli

0 comments