6 fevral. Qırmızıların tarixi – tarixin Qırmızıları…

Paylaş:

Hər bir tarix təqvimdə bir iz qoyaraq keçir. Acılı-şirinli bu izlər təqvimlə yanaşı,  bizim yaddaşımızda da iz salır. Və illlər keçsə də biz hər zaman bu tarixləri xatırlayır, xəyalən də olsa həmin günə qayıda bilirik. Biz “Qırmızılar”ın da həmişə xatırlayacağı, nə qədər zaman keçsə də hüznlə anacağı bir gün var… 6 fevral.

manchester-united-1958

Bu gün “Yunayted” tarixinin ən qara xatirəsidir. Məhz 58 il öncə 6 fevral tarixində komandamızın məşqçi heyətinin, oyunçuların, azarkeş və jurnalistlərin də yer aldığı təyyarə Münhendə ağır qəzaya uğradı. Britaniya avia şirkətinə məxsus Airspeed AS.57 Ambassador təyyarəsi Belqrad-Münhen-Mançester reysi üzrə hərəkət edərkən Münhen hava limanından yola düşməyə çalışdığı üçüncü cəhdində uğursuzluqla qarşılaşdı. Ağır qəza nəticəsində bortdakı  44 sərnişindən 21-i hadisə yerində həyatını itirdi, yaralılar isə Münhen xəstəxanasına yerləşdirildi. Hadisədən sonra isə daha 2 nəfər vəfat etdi. Münhen faciəsi 23 nəfərin həyatla vidalaşmasına səbəb oldu. Qeyd etmək lazımdır ki, bu faciədə ölənlər arasında komandamızın məşhur oyunçuları və məşqçi heyətinin nümayəndələri də vardı. Sağ qalmış bəzi futbolçular isə zədələri səbəbilə bir daha yaşıl meydanlara çıxa bilmədi. Təqvimə qan qırmızısıyla keçmiş bu tarix bizdən bəlkə də gələcəyin bir çox “Yunayted” əfsanələrini aldı.

1955-ci ilin aprelində UEFA ilk dəfə Avropa Kuboku Çempionatını təşkil etdi. Lakin həmin ildə İngiltərədə çempion olmuş Çelsi klubunun çempionatda iştirakı qadağan olundu. Növbəti ildə çempionluq sevinci yaşayan “Mançester Yunayted” rəhbərliyi və baş məşqçi Mett Basbi, Stenli Rouzun dəstəyilə bu qadağanın aradan götürülməsinə nail oldular. Beləliklə, “Yunated” bu turnirdə çıxış etmək hüququ qazanan ilk ingilis klubu oldu. Bu şansı dəyərləndirən “Basbinin körpələri” 1956-1957 mövsümündə yenidən qalib gələrək, növbəti ildə də turnirdə iştirakını təmin etdi.  İngiltərə çempionatının oyunları həftənin şənbə günləri, Avropa Kuboku oyunları isə həftəiçi həyata keçirildiyindən komanda bütün oyunlara zamanında çatmaq üçün o dövrün riskli nəqliyyat vasitəsi hesab olunan hava uçuşlarından tez-tez istifadə etməli olurdu. Komanda 1957-1958 mövsümündə bütün mərhələlərdə uğurla irəliləyərək dörddə bir finala çatdı və həmin mərhələdə Belqradın “Srvena Zvezda” komandasıyla qarşılaşmalıydı. İlk oyun 21 Yanvarda “Old Trafford”da baş tutdu və “Qırmızı Şeytanlar” 2:1 hesabıyla qələbə qazandılar. Cavab qarşılaşması isə 5 Fevralda baş tutmalı idi və ondan əvvəlki səfərdən dönərkən hava şəraiti səbəbilə komandanın yolu uzanmış, oyunçular növbəti matça tam formada çıxa bilməmişdilər. Cavab oyunu 3:3 hesablı heç-heçə ilə nəticələndi və iki oyunun ümumi nəticəsinə görə “Qırmızılar” yarımfinala çıxmışdılar.

"Srvena Zvezda" ilə oyundan öncə "Yunayted" kapitanı Rocer Birn (solda)

                                                        “Srvena Zvezda” ilə oyundan öncə “Yunayted” kapitanı Rocer Birn (solda)

Oyunçuların formada ola bilməsi və komandanın oyunlara zamanında yetişə bilməsi üçün klub məcburən hava uçuşuna müraciət etməli oldu. Belqraddan uçuş futbolçu Conni Berrinin pasportunu itirməsi səbəbilə 1 saat gec həyata keçirildi. Həmin gün məsafənin uzunluğunu nəzərə alaraq təyyarə Münhendə eniş etməli və sonra yola davam etməliydi. 13:15-də Münhen hava limanına enən təyyarə 14:19-da uçuşa tam hazır idi və təyyarəyə 14:31-də Mançesterə yola düşmək üçün icazə verildi. Lakin texniki problemlər səbəbilə komandir uçuşun vaxtını dəyişdi və 3 dəqiqə sonra ikinci cəhd həyata keçirildi. Bu cəhdin də alınmamasından sonra sərnişinlər təyyarəni tərk edərək hava limanının istirahət otağında gözləməyə başladılar. Bu müddət ərzində hava şəraitinin kəskin dəyişməsi hamıda elə fikir yaratdı ki, uçuş həmin gün üçün tamamilə təxirə salınacaq, hətta futbolçu Dankan Edvards da bununla bağlı yaşadığı evə teleqram yollamışdı. Əsas çıxış yolu təyyarənin təmirə buraxılması olduğu olsa da komandir qrafikdən geri qalmamaq üçün bir qədər riskli olan üçüncü cəhdə qərar verdi. 15:02-də pilotlara xəbər çatdı ki, uçuş icazəsi 2 dəqiqə sonra başa çatacaq və odur ki, heyət cihazlara ciddi nəzarət etmək şərtilə uçuşu həyata keçirmək qərarını verdilər. Lakin hava şəraiti nəticəsində yola davam etmək mümkün olmadı, son uçuş cəhdi isə ağır qəzayla nəticələndi.

BusbyBabes

6 fevral 1958-ci il “Mançester Yunayted” klubu və azarkeşləri üçün tarixə elə komandanın öz rəngində – qırmızı olaraq yazıldı. Dövrünün əfsanəsinə çevrilmiş bir heyət uçuş heyətinin diqqətsizliyi ucbatından təyyarə qəzası qurbanına çevrildi. Həmin tarix nəinki ölənlərin ailəsinin, dostlarının və İngiltərənin yaddaşında, eləcə də dünyanın hər bir nöqtəsindəki Mançester United azarkeşlərinin xatirəsində Qırmızıların uğursuz günü kimi yer aldı. Bu gün həmin tarixdən 58 il keçir. Bəlkə də o tarixin canlı şahidlərinin bir çoxu artıq həyatda yoxdur. Amma biz bütün dünyadakı “Qırmızı Şeytanlar” olaraq hələ də bu faciəni unutmamışıq. Artıq illərdir ki, həm “Old Trafford”da, həm də dünyadakı “Yunated” azarkeşləri tərəfindən bu gün hüznlə anılır. İllər keçsə də əminəm ki, heç bir azarkeş bunu unutmayacaq. Çünki nə olursa olsun, harada olsaq da, millətimizdən, dilimizdən, cinsimizdən və yaşımızdan asılı olmayaraq biz əsl “Qırmızı Şeytanlar”ıq! Futbol tarixinə adını qızıl hərflərlə yazmış “Basbinin körpələr”i dərin hörmət və hüznlə anırıq! Qələbə və məğlubiyyətdən asılı olmayaraq, hər zaman “Mançester Yunayted”liyik!


Müəllif: Naz Xəlili

0 comments