Münhen faciəsi: Xilaskar

Paylaş:

I wish I’d gone down

Gone down with them

To where Mother Nature makes their bed…

6 fevral artıq 58 ildir ki, Mançesterin qırmızı tərəfi üçün digər günlərdən fərqlənir. 365-lik kitabın bəzi səhifələri var ki, yada düşəndə qeyri-ixtiyari “kaş ki…”demək keçir könüldən. Elə bir gün fərz edək.

Bu günkü yazımda 6 fevralın qəhrəmanlarından birinin köməkliyilə faciənin “portret”ini çəkəcəyəm. “Şeytanlar”a könül verənlər və “staj”lı futbol azarkeşləri istisna olmaqla, adı çox da bilinmiyən Harri Qreqq yardım əlini mənə uzadacaq.

Harri Qreqq

Futbolçu nə qədər güclü olsa da, təəssüf ki, hansısa oyunla əlaqəli olmayan hərəkəti bəzən karyerasındakı 90 dəqiqələr ərzində etdikləri ilə müqayisədə daha tez xatırlanır: Zidanın futbolu – Materatsiyə kəllə atması, Kantona – kunq-fu məsələsi və s. Təəssüflənirəm, çünki bu, adı yuxarıda hallananlar üçün bir az adil deyil.

Harri Qreqq isə əksinə, futboldan kənar etdikləri ilə də xatırlanmalı olanlardan biridi, bəlkə də birincisidi. Yox, qolkiper kimi onu görməzdən gəlsəm, ayıb olar. Sadəcə oyunu və məsələnin ikinci tərəfini müqayisə etsək, balans yaranmalıdı.

Harri o soyuq qış gecəsində etdiyi qəhrəmanlıqlarla bu gün də adından söz etdirir. Amma həmin günə yenidən qayıtmağı o qədər də xoşlamır, çünki komanda yoldaşları ilə birlikdə ölmədiyi üçün özünü günahkar hesab edir.

Harri Qreqqin İngiltərəyə gəlişi əfsanəvi Piter Doertinin adı ilə birbaşa bağlıdı. Zədələrlə boğuşduğu “Donkaster” karyerası həm də adada ən yaxşı qolkiperlərdən biri kimi ad çıxarması ilə nəticələndi. Amma Doerti onun karyerası ərzində işləyəcəyi tək önəmli məşqçi olmayacaqdı. Pitdən sonra Mett Basbinin rəhbərliyi altında oynamaq hər Allahın quluna nəsib olmur.

“Mançester Yunayted” Harri üçün klubuna 23,750 funt ödəyir. Bu, həmin dövrdə qapıçılar arasında yeni transfer rekordu idi. Çox keçmədən “Basbinin uşaqları”nın qapısı məhz şimali irlandiyalıya həvalə olunur. Bir balaca əmması var idi: qapıçıya aid zonada qalmağı sevmirdi. Haqqında danışarkən “Yunayted” müdafiəçi transfer edib” deyərdilər.

GL3649994

Gəl zaman, get zaman… “Srvena Zvezda” ilə oyundan sonra MY heyəti dərhal İngiltərəyə qayıtmağa məcbur idi. Onda reqlament dəyişiklikləri bir az çətin məsələ idi. “Yunayted” şənbə günü növbəti matçına çıxmalı idi. Belqraddan Mançesterə birbaşa uçuş olmadığından ilk öncə Münhenə getmək lazım gəlir. Conni Berrinin pasportunu itirməsi səbəbindən uçuş 1 saat gecikir. Belqrad hava limanının işçiləri pasport tapılmayana qədər təyyarənin qalxmasına icazə verməməkdə israr edirdilər.

Təyyarə Münhenə enib yanacaq doldurduqdan sonra iki dəfə qalxmağa cəhd etsə də, bu, baş tutmur. Bəzi sərnişinlər aeroportun istirahət zalına üz tuturlar. Təbii olaraq MY futbolçuları da daxil hamı uçuşun təxirə salınacağını düşünürdü. Bu arada havanın qarlı olduğunu da bir yerə qeyd edək.

Qrafikdən çıxmaq istəməyən kapitan Ceyms Teyn isə fərqli hərəkət etdi. O, üçüncü dəfə eyni addımı atdı. Enmə zolağını keçdikdən sonra idarəsi mümkünsüz olan təyyarə hasarı deşərək evə çırpıldı. İlk olaraq kapitan Teyn günahkar qismində göstərilsə də, sonradan aeroportun zolağının ölçülərini düzgün müəyyənləşdirməyən, oranı qardan təmizləməyən və sonuna baryer qoyan almanların faciəyə səbəb olduğu ortaya çıxdı.

Demişdim axı Harri Qreqq bu gün mənə yardım edəcək. Söz ondadı:

“Təyyarənin qalxdığını, ev və bir ağacın üzərindən keçdiyimizi gördüm. Daha sonra birdən-birə hər şey qaraldı. Təyyarə sarsıldı və hissələrə bölünüb ətrafa dağıldı.

Başımdan xəsarət almışdım. Öləcəyimi düşünürdüm, ağlımdan qəribə fikirlər keçirdi. Gözəl həyata və mükəmməl ailəyə malik olduğumu düşünürdüm. Təbii, almanca danışa bilmədiyimi də.

Sonra sağ olduğumu anladım. Kəməri açdım və təyyarədən çıxdım. Kapitan Ceyms Teyni gördüm. Mənə baxaraq “tez qaç, təyyarə partlayacaq” dedi. Qaçmaq istəyəndə uşaq səsi eşitdim, ağlayırdı. Kənardakılara içəridə ağlayan uşaq olduğunu desəm də, kömək edən olmadı. Təyyarəyə qayıtdım və balaca qız uşağını oradan çıxartdım. Radio operatoru uşağı məndən aldı. Yenidən dağıntıların arasına girdim və bu səfər uşağın pis vəziyyətdə olan anasını tapdım. Onu da kənara çıxartdım”.

article-0-001CA13E00000578-323_468x286

Münhen faciəsi MY üçün bir xəyalın sonu oldu. Kim bilir bəlkə də Avropada ilk kuboku başı üzərinə qaldıran Britaniya klubu “Seltik” yox, məhz “Mançester Yunayted” olacaqdı. Rojer Bern, Eddi Kolman, Mark Cons, Dunkan Edvards, Liam Uilan, Tommi Teylor, Devid Peqq və Ceff Bent olsaydı… Amma onların sayı daha da arta bilərdi, Harri olmasaydı.

Harri Qreqq:  “Daha sonra Albert Skenlonu tapdım. Onu çıxarmaq istəsəm də, ayağı bir kənara qısılmışdı. Ardından təyyarənin arxa hissəsinə getdim. Dennis Vayollet və Bobbi Çarltonu hərəkətsiz halda gördüm. Ölməmələri üçün dua etdiyimi xatırlayıram. Sonra Cekini axtarmağa başladım. Bu zaman təyyarənin quyruq hissəsində gözüm Mett Basbiyə sataşdı. Onun şüuru yerində idi. “Ayaqlarım, ayaqlarım” deyərək qışqırırdı. Daha sonra Blançini gördüm, yanında Rojer ölü halda uzanmışdı. Gözləri açıq idi, amma dünyasını dəyişdiyini bilirdim.

Cekinin qolu bədənindən ayrılmışdı, qan dayanmadan axırdı. Qalstukum vasitəsilə turniketi qoluna bağladım. Daha sonra həkimlər də köməyimizə gəldi. Arxamı dönəndə şoka düşdüm. Dennislə Bobbi sağ idilər. Bir az rahatlaşdım. Çünki öldüklərini düşünmüşdüm. Dizlərim üstə çökdüm və göz yaşları içərisində Allaha təşəkkür etdim ki, bizdən kimsə xilas oldu. O günə kimi daha öncə ölü birini görməmişdim və bir daha görmək də istəmərəm”.

Hadisə ilə bağlı Qreqqin danışası o qədər hekayəsi var ki… Amma o gün təyyarədə olan jurnalistlərdən fərqli olaraq, faciədən marketinq məqsədi ilə istifadə etmək istəmir. Bobbi Çarlton, Dennis Vayollet və Ceki Blançflouer israr etsələr belə… Hətta otaq yoldaşı olan Rojer Bernin göz qapaqlarını bağlamadığı üçün indi də özünü günahkar hesab edir.

Harri düz 40 il hadisə haqda bildiklərinin əsas hissəsini mətbuatdan gizlətdi. O, həmçinin bu müddət ərzində Münhen faciəsində dünyasını dəyişən komanda yoldaşlarının yaxınları ilə görüşməkdən də imtina etmişdi. Ta ki 1998-ci ilə kimi. Hadisənin 40-cı il dönümü ilə əlaqədar keçirilən mərasimdə Rojer Bernin həyat yoldaşı Coyla görüşdü. O, Harriyə yaxınlaşaraq “Niyə özünə 40 ildir ki, əzab verirsən?” demişdi.

Qreqqlə yanaşı, o gecəni ömrümün sonuna kimi unutmaqda çətinlik çəkən biri də var idi – Cimmi Mörfi. Yerini Bert Uolliyə verən, lankaşirlini və gözü önündə böyüyən uşaqları torpağa verən Cimmi Mörfi…

Qəza zamanı Harrinin Vera Lukiç adlı bir hamilə qadını və uşağını xilas etdiyindən bəhs etmişdim. Şimali irlandiyalı sonradan o gecə həyatlarını qurtardığı Vera və Vesna ilə görüşməyə özündə güc tapa bilmişdi.

Daha öncə amerikan futbolunda baş verən “Marşall” təyyarə qəzası haqda məqalə yazmışdım. (http://rufatmajid.blogspot.com/2015/07/noyabrdan-sonra.html ) Bir az təsadüfi oldu, amma Qreqq Harri oradakı Neyt Ruffini, Cimmi Mörfi isə Uilyam “Red” Dousonu andırır.

Futbolda “qəhrəman” sözü çox vaxt komandasına qələbə qazandıran qolu vuran oyunçular haqda işlədirlər. Bu mənada istisna varsa, o, Harri Qreqqdi. Və onun hekayəsi yazılmağa layiqdi. Xüsusilə belə bir gündə…

Morrissi ilə başlamışdım, elə də bitirəcəm.

P.S. Harri Qreqq jurnalistlərin səsverməsin əsasən 1958-ci ildə Dünya çempionatının ən yaxşı qapıçısı seçilib.

P.P.S. Qreqqin Bryus Qrobbeların qapıçı kimi təkmilləşməsində əməyi böyükdü. O, zimbabvelini  Deyv Sekstona məsləhət görsə də, məşqçi transferə razılıq verməmişdi və cəmi bir həftə sonra Qrobbelar “Liverpul”a keçmişdi.


Müəllif: Rüfət Məcidzadə

0 comments