Lui van Qalın “Yunayted”də transfer siyasətinə bir baxış

Paylaş:

Son üç ildə futbolun hökm sürdüyü hər bir nöqtədə “Mançester Yunayted”in göstərdiyi nəticələr haqqında çox geniş müzakirələr aparılır, söhbətlər edilir, fikirlər söylənilir, yazılar dərc olunur. Klubun göstərdiyi hər bir mənfi nəticə və darıxdırıcı oyun çox böyük narazıçılıqla, təzyiqlə qarşılanır. Bugün çalışacam ki, “qırmızı şeytanlar”ın düşdüyü vəziyyətə başqa tərəfdən baxım və bu yazımın göstərilən nəticə və oyuna nə qədər təsir göstərdiyini sizlər özünüz qərar verəcəksiniz.

Lui van Qal “Yunayted”də baş məşqçilik vəzifəsini Devid Moyesdən təhvil aldıqdan sonra komandada çox dəyişiklik etdi və bir çox gözlərimizin vərdiş etdiyi, ser Aleks Ferqusondan yadigar qalan oyunçuların çox böyük hissəsi klubdan göndərdi. Sözsüz ki, göndərilən futbolçular arasında elələri ola bilərdi ki, indi klubda qalsaydı, ziyanından çox xeyirini görə bilərdi, xüsusilə də, müdafiə xəttindəki indiki problemləri nisbətən ört-basdır edə biləcəkdilər. Bəli, mövzumuz klubun son iki ildə apardığı transfer siyasətidir.

Van Qal

Əksər azarkeşləri məyus edən van Qalın 250 mln funtu transferə xərcləməsinə baxmayaraq, nəticələrin olmamasıdır. Nəticələr bir yana, klub heç stabil olaraq adına layiq futbol da göstərə bilmir və hər bir neqativ nəticədən sonra cənab hollandiyalıdan eyni sözləri eşitməkdən beziblər. Transferə xərclənən pullar haqqında söhbət edəcəyik, amma gəlin hələlik göndərilən futbolçuların hazırkı klublarındakı çıxışlarına nəzər salaq.

Komanda bugün dəhşətli zədə epidemiyasından əziyyət çəkir və ən pisi də odur ki, zədələrin çox böyük əksəriyyəti müdafiə xəttinin payına düşür. Əlbəttə, van Qal bugün nəticələrin ürəkaçan olmamasının, məhz, zədələrlə bağlı olduğunu deyə bilər. Bəs fikirləşibmi ki, göndərdiyi futbolçular arasında bir neçəsi qalsa idi, vəziyyət daha yaxşı olardı? Biz, siz bunu bilmirik, amma onun əvəzinə fikirləşməyə cəhd edək, görək necə alınacaq.

Evra

Transferə çıxarılan futbolçular arasında gözlənilməz adlar çox oldu. Onlardan ən birincisinin Patris Evra olduğunu desək, yəqin yanılmarıq. Fransız futbolçu yeni bir illik müqavilə bağladıqdan sonra “Yuventus”a transfer olundu. Yaşı 30-dan çox olmasına baxmayaraq Evra İtaliyada hələ də özünün qocalmadığını bir çox oyunda göstərə bilib. “Yunayted”dən fərqli olaraq, mövsümü fantastik şəkildə sonlandıra bilmişdi. İtaliya çempionu və kubokunun sahibi olduqdan sonra Çempionlar Liqasının da finalına da yüksəlmişdi. Amma hələ də tarixinin ən yaxşı heyətlərinin birinə sahib olan “Barselona”ya məğlub olmuşdular. Buna baxmayaraq, hər kəs həm Evranın, həm də klubunun yaxşı bir mövsüm keçirtdiyini birmənalı şəkildə qəbul etdi. “Yunayted” isə hazırda həmin mövqedə ciddi problemlərlə üz-üzə dayanıb. Evranın bugün kluba verə biləcəyi xeyir bəlkə bir az Lyuk Şoudan az ola bilərdi, o da tam olaraq yox, sırf bir neçə aspektdən. Roho, Blind və ya hələ də qaçmağı, düzgün yeriməyi bilməyən Bortvik-Cekson hansı xüsusiyyətlərinə görə Patrisdən üstün ola bilər ki? Bu sual mənə çox maraqlıdır.

Patris Evranın “Yuventus”un heyətində son 10 oyunda göstərdiyi oyununda qazandığı reytinq xallarına fikir verək:

Screenshot - 2_14_2016 , 9_14_01 PM

Yox, mən bu statistikanı hər hansı bir “Yunayted” futbolçu ilə müqayisə etməyəcəm. Çünki yadıma gəlmir ki, hansısa davamlı olaraq 10 oyun meydanda olsun. Ona görə də müqayisə yersiz olar. Müdafiəçinin çempionatda ümumi reytinqi isə 7,01 əmsalındadır. 34 yaşlı futbolçunun belə reytinqə sahib olmasının əla göstərici hesab edə bilərik? Hələ mən sizə Seria A-da 15 oyunluq qələbə seriyasından danışmıram. Payı az deyil, vallah az deyil.

Rafael da Silva

Klubun azarkeşlərinin ən çox sevdiyi futbolçulardan biri də sağ cinah müdafiəçisi Rafael idi. Cəsurluğu, döyüşkənliyi və xarizması ilə azarkeşlərin qəlbini fəth etmişdi. Bəstəboy olmasına baxmayaraq, hava mübarizələrindən heç vaxt çəkinməyib. Van Qalın rəhbərliyi altında bir mövsüm keçirtdikdən sonra “Lyon”a transfer olundu. Yeni klubunda 20 nömrəli formanı seçərək, “Yunayted”in çempionluq sayına işarə etdiyini bildirdi. What a player!

Screenshot - 2_14_2016 , 9_38_14 PM

Rafaelin son 10 oyunda göstərdiyi nəticəni və reytinq xalını qoyaq bir qırağa. Brazilyalı haqqında da sual olacaq. Siz Allah deyin görüm, ikili mübarizələrdə yerə dəyən, sürətli reydlər edə bilməyən, normal asma etməyi bacarmayan Darmianın bundan nəyi üstündü? Boyu? Onun boyu 182 sm-dir, məndə 185 sm. Futbolçunun xarakteri sıfırdı, dostlar. Bizim bu mövsüm hücumlarımızın sürətinin az olmasının da bir səbəbi məhz cinah müdafiəçilərimizin dişsiz olmasındadır. Evranın yeri olduğu kimi, Rafaelin də yeri görsənir.

Nani

Müdafiə haqqında çox da uzatmadan yarımmüdafiə və ya yarımhücumçu mövqeyinə keçək. “Yunayted” iki mövsümdür demək olar ki, sağ cinah vingersiz oynayır. Son bir neçə ayda isə Cessi Linqard yeganə nominal futbolçu olaraq həmin mövqedə çıxış edir. Biz hətta aylarla həmin mövqedə Matanı da gördük. Bəs Nani niyə göndərildi? “Sportinq”də icarə əsasında çıxış edəndə zəif təsir bağışladımı? Suallar çoxdur. Amma fakt odur ki, vətənində bütün turnirlər daxil olmaqla 38 oyuna 12 qol vura bilmişdi. Çəkinmədən deyə bilərəm ki, Nani sürəti, texnikası ilə Marsialla əla tandem təşkil etməyə qadir futbolçudur. Amma çox təəssüf ki, lazımsız bir oyunçu kimi Türkiyəyə göndərildi.

Screenshot - 2_14_2016 , 10_11_13 PM

Bütün bu yazdıqlarım, göstərdiyim kiçik statistikalar van Qalın əlehinə işləyə bilər. Buna siz özünüz qərar versəz, daha yaxşı olar. Amma hollandiyalıya qarşı da hər dəfə ədalətli olmurlar. Məsələn, onun iki ilə 250 mln funt xərclədiyini deyənlər, bu məbləğin heç 200 mln funt olmadığını bilirlər? Transfermarket-də etdiyim kiçik hesablamadan sonra gördüm ki, klub iki ildə cəmi 197 mlnf funt xərcləyib. Amma transfer haqqında danışanda təkcə xərci yox, qazancı da nəzərə almaq lazımdır. Belə ki, klub transferə çıxardığı futbolçulardan da təxminən 95 mln funt qazanc əldə edib. Deməli, cəmi trnsferlərə heç 100 mln funt da xərclənməyib. Əslində bu “Mançester Yunayted” kimi klub üçün elə də böyük məbləğ hesab olunmalı deyil. Yəni sözümün canı odur ki, tənqid etmək istəyiriksə, sağlam şəkildə edək. Bunun bizə ancaq xeyiri dəyə bilər.

P.S. Yazı haqqında dünən fikirləşirdim, məhz, “Sanderlend”ə məğlub olduqdan sonra. Bu məğlubiyyət məni 26-cı turdan küsdürdü və müəllifiniz heç bir oyuna baxmadı. “Çelsi”nin, “Liverpul”un darmadağınını görmədi, turun afişası sayılan və bugün baş tutan “Arsenal” – “Lester”, “Man Siti” – “Tottenhem” oyununa baxmadı.


Statistikalar whoscored.com saytından götürülüb.

0 comments