Mayor Xilaskar

Paylaş:

Tarix boyu itlərin insanlar üçün nə qədər sadiq, fədakar bir heyvan olduğu haqda yəqin çoxunuz xəbərdarsız. Dünyanı bir-birinə qırdıran 2 böyük müharibədə etdiklərini misal çəksəm, razılaşmayan qalmaz. Bunun komandamızla nə əlaqəsi olduğunu isə oxuduqca görəcəksiniz…

Sizi 115 il əvvəlin yanvarına aparım. “Nyuton Hit” ikinci divizyonda çabalayır və iş o yerə çatır ki, klub maliyyə cəhətdən bankrot olur. 1902-ci ilin əvvəllərində borc 2670 funta (günümüzdə 260 000 funt) çatır və məcburiyyətdən şəhərin mərkəzində klubu saxlamaq üçün yardım kampaniyası təşkil edilir. Şəhər sakinləri kimin nə qədər imkanı varsa, gücü çatanı qədər komandanın ləğv olunmaması üçün maddi dəstək olmalı idi. Yığıncaqda komandanın müdafiəçisi və kapitanı – Hari Stefford əsas təşkilatçı idi və onun yanında həmişə məşhur iti – Mayor da olardı.

harry

                                                                                                   1896-1903-cü illərdə klubun kapitanı, sağ cinah müdafiəçisi Hari Stefford

“Müqəddəs Bernard” cinsindən olan Mayorun vəzifəsi boğazına bağlanan çanta ilə ərazidə fırlanmaq və həmin çantanı pulla doldurmaq olur. İş elə gətirir ki, bir müddət sonra Mayor gözdən itir və harasa çıxıb gedir. Stefford yaxın dostunu nə qədər axtarsa da, tapa bilmir. Axşama qədər bütün şəhəri ələk-vələk edən kapitan iti tapmır ki, tapmır. Mayoru tapan isə balaca bir qız olur. Bu qız yerli pivə istehsalçısı, biznesmen olan Con Anri Deyvisin qızı idi. Balaca qız həmin iti özünə sevimli seçir və heç kimə verməyə fikri olmur. Atası həmin itin sahibini tapmaq tapşırığı verir. Hə, Steffordu tapırlar və o, itini təhvil almaq üçün Deyvisin qonağı olur.

mayor

                                                                                                                                        Mayor sahibi Steffordun yanında

Məsələni Deyvisə danışan Stefford itini də götürüb getməyi düşündüyü vaxtda biznesmen ona göydəndüşmə bir təklif edir. Bu təklif klubun saxlanılması haqda idi. Con Anri Deyvis özü “Nyuton Hit”in səhmlərini alaraq, onu ləğv olunmaqdan xilas edir.

John Henry Davies

                                                                                        Con Anri Deyvis

Mart ayında təşkil olunan tədbirdə Con Anri Deyvis və başqa 3 yerli biznesmenlə  razılaşma əldə olunduğu rəsmən ictimaiyyətə açıqlanır. Aprel ayının 24-ü isə bu gün fəxrlə adını çəkdiyimiz, planetin ən nəhənglərindən biri olan klubun adı “Mançester Yunayted”, forması isə qırmızı-ağ olaraq təsdiq olunur. Deyvis və dostları kluba 500 funt investisiya qoyur. Yavaş-yavaş çətinlikləri geridə qoymağı bacaran komanda 1903-cü ildə Ernest Manqneli baş məşqçi təyin edir və yeni bir eranın əsasını qoymuş olur. Beləliklə, bəlkə də Mayor olmasaydı, indi bizim hər dəfə oynayanda dəstək olduğumuz, uduzanda üzüldüyümüz, qələbə qazananda sevindiyimiz, bütün duyğusal anlarını bölüşdüyümüz komanda da olmayacaqdı. Onu da qeyd edim ki, bu it həm də “Mançester Yunayted”in 4 maskotundan (simvol) biridir.

mufc058

                                                                                                       “Mançester Yunayted” 1902-03 mövsümü heyəti

Xülasə, 114-cü ad günün mübarək, MANÇESTER YUNAYTED”!

0 comments